İQTİSADİYYAT

Bu sektor iqtisadiyyata pandemiyadan çıxışda kömək edəcək - Gözlənilmədən

"Tikinti sektorunun inkişafı, boya, qapı-pəncərə, kabel, keramika, alçipan, kərpic-armatur istehsalına da müsbət töhfəsini vermiş olacaq"- Elnur Azadov
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 9 iyun — Sputnik. Pandemiyadan çıxışda və iqtisadi stabilliyin qorunub saxlanılmasında tikinti sektoru dayaq rolunu oynayacaq. İqtisadiyyat naziri Mikayıl Cabbarov da Prezident İlham Əliyevlə görüşündə bu məsələyə toxunmuşdu. Lakin tikinti sahəsinin inkişafı yalnız yeni yaşayış binalarının inşasına müsbət töhfə vermiş olmayacaq.

Bina tikənlərin nəzərinə!"Bir pəncərə"yə yaxınlaşın

Tikinti sektorunun inkişafının digər sahələrə təsirindən Sputnik Azərbaycan-a danışan daşınmaz əmlak məsələləri üzrə ekspert, Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov ümumi durumdan və tikinti sektorunun inkişafından söz açıb: "İqtisadiyyat naziri Mikayıl Cabbarov prezidentlə görüşündə pandemiya dövründə iqtisadi islahatların aparılması, risklərin azaldılması ilə bağlı olaraq bir sıra məsələlərə toxunmuş və bildirmişdi ki, tikinti sahəsi vəziyyətdən çıxış yolu kimi ən aktiv sahələrdən biri olacaq. Ümumiyyətlə, inşaat sektoru olduqca geniş anlamı ifadə edir. Bura yol tikintisi, inşaat materiallarının istehsalat sahələri, fərdi evlərin, yaşayış binalarının tikintisi də aiddir. Bu gün də bu sahəyə böyük tələbat var. Son illərdə ildə 100-150 çoxmərtəbəli yaşayış binasının tikintisi olur. Eyni zamanda da fərdi evlərin də inşasının, xüsusən də regionlarda kütləvi şəkildə davam etdiyini nəzərə almalıyıq. Belə hesab olunur ki, pandemiya dövründə də bu sahə, eyni zamanda tikintidən sonrakı prosesdə, təmir zamanı önəmli olan avadanlıq və akssessuarlara, materiallara tələbat dayanmayacaq. Bu sahhəyə tələbat olduqca, insanlar yenə əmlak, ev alacaqlar. Belə olan halda təbii ki, pul dövriyyəsi olacaq ki, bu da yeni inşaat materialları əldə etməyə imkan verəcək".

"Tikinti sektorunun inkişafı, boya, qapı-pəncərə, kabel, keramika, alçipan, kərpic-armatur istehsalına da müsbət töhfəsini vermiş olacaq. Bu yüzlərlə şirkətin inkişafına yol açır. Hansı ki, həmin şirkətlərin də eyni zamanda işçi qüvvəsinə müsbət təsir edir. Ümumiyyətlə, tikinti sahəsinin inkişafı mebel istehsalı, çılçıraqların satışına da müsbət təsir etmiş olacaq. Bu səbəbdən də Mikayıl Cabbarov bidirib ki, pandemiya dövründə vəziyyətdən çıxış üçün aparıcı sahə tikinti və ona bağlı sektorlardır",  - deyə ekspert əlavə edib.