BAKI, 8 iyun — Sputnik. Prezident İlham Əliyev "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncama əsasən, Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun idarə olunmasını təmin edəcək.
Nazirlər Kabinetinə Dövlət Turizm Agentliyi, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası və Siyəzən Rayon İcra Hakimiyyəti ilə birlikdə iki ay müddətində "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını müəyyənləşdirib təsdiqləmək, "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisinin xüsusi rejimini üç ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
"Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.