SƏHİYYƏ

Koronavirus beynə necə daxil olur? Alimlər açıqlayıblar

Tədqiqatçılar koronavirusun daşıyıcının bədəninə nüfuz etmək üçün NRP1 və ACE2 hüceyrə zülallarından istifadə etdiyini yekunlaşdırıblar.
Sputnik

BAKI, 8 iyun — Sputnik. SARS-CoV-2 virusu neyropilin-1 zülalının köməyi ilə beynə nüfuz edir.

Sputnik Azərbaycan bioRxiv kitabxanasında dərc olunmuş araşdırmaya istinadən xəbər verir ki, bir qrup avropalı alim neyropilin-1 (NRP1) hüceyrə zülalının koronavirus daşıyıcısının beyninə nüfuz etməsinə səbəb olduğunu aşkar edib.

Mütəxəssislər belə bir nəticəyə gəliblər ki, koronavirus beyin hüceyrələrində çoxala bilmir, lakin onların ölümünə səbəb ola bilər.

Siçanlar üzərində təcrübə alimlərin fərziyyəsini təsdiqləyib. Onlar intranazal metodun köməyi ilə laboratoriyada təcrübə heyvanlarını COVID-19-a yoluxdurmağa müvəffəq olublar.

Tədqiqatçılar koronavirusun daşıyıcının bədəninə nüfuz etmək üçün NRP1 və ACE2 hüceyrə zülallarından istifadə etdiyini yekunlaşdırıblar. ACE2 komponentinin köməyi ilə virusun hissəcikləri yuxarı tənəffüs yollarında möhkəmlənir və burada çoxalma prosesi başlayır. Məlumatda bildirilir ki, alınan nəticələr ölümcül xəstəlikdən peyvəndin yaradılmasına kömək edəcək.

Mayda ispaniyalı neyrobioloqlar koronavirusdan kişilərin ölümünün qadın ölümündən niyə daha çox olduğunu izah ediblər. Mütəxəssislərin sözlərinə görə, kişilər daha çox tütünçəkmədən asılıdırlar, bu isə ağ ciyərlərin obstruktiv xəstəliyi ilə birlikdə ACE2 fermentlərinin həcmini artıra bilər ki, onların köməyi ilə koronavirus orqanizmdə möhkəmlənir.