BAKI, 8 iyun — Sputnik, Kəmalə Əliyeva. Bakıda iyulun 29-dan avqustun 2-dək keçirilməli olan “Jara” beynəlxalq musiqi festivalı 2021-ci ilə keçirilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Xalq artisti Emin Ağalarov Instagram səhifəsində yazıb. Səbəb isə koronavirus pandemiyasıdır.
“Əziz dostlar, çox böyük təəssüflə deməliyəm ki, koronavirus pandemiyası və onun bütün dünyada kütləvi-əyləncəli tədbirlərin keçirilməsinə yaratdığı çətinliklər səbəbindən biz “Jara” musiqi festivalını təxirə saldıq. O, 2021-ci ildə iyulun 28-dən avqustun 1-dək keçiriləcək. Konsert proqramı ilə dəvət olunan artistlər dəyişməyəcək. Bundan başqa, biz xeyli xoş sürpriz və gözlənilməz adlarla gələcəyik”, - Ağalarov deyib.
O, həmçinin əlavə edib ki, 2020-ci ildə alınan bütün biletlər gələn il də etibarlı olacaq. Ağalarovun sözlərinə görə, hətta 2021-ci ildə qiymətlərdə artım olsa belə, heç kim əlində olan biletdən əlavə ödəniş etməyəcək.
Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar Emin Ağalarov, RF-nin Əməkdar artisti Qriqori Leps, “Russkoye radio” və “Qızıl qrammofon” mükafatının banisi Sergey Kojevnikovdur.