Pentaqon İlon Maskın "qatilləri" ilə eksperimentə razılıq verdi

Məlumatı Pentaqonda Süni İntellekt Birlik Mərkəzinə rəhbərlik edən general-leytenant Cek Şanaxan da təsdiqləyib.
Sputnik

BAKI, 6 iyun — Sputnik. ABŞ-ın Hərbi Hava Qüvvələri (HHQ) 2021-ci ilin iyulunda unikal eksperiment keçirəcək. Sputnik Azərbaycan "The Drive"a istinadən xəbər verir ki, şərti hava döyüşündə pilot tərəfindən idarə olunan qırıcılar və süni intellekt tərəfindən idarə olunan pilotsuz uçan aparatlar yarışacaqlar.

Məlumatı Pentaqonda Süni İntellekt Birlik Mərkəzinə rəhbərlik edən general-leytenant Cek Şanaxan da təsdiqləyib. O, planlaşdırılan eksperimentin detallarını açıqlamayıb.

Qeyd edək ki, "SpaceX" aerokosmik agentliyinin banisi və "Tesla" şirkətinin icraçı direktoru İlon Mask öz "Twitter" səhifəsində yazıb ki, ABŞ istehsalı olan "F-35" qırıcılarının uzaqdan idarə olunan pilotsuz qırıcılar qarşısında şansı yoxdur.

Bununla da ixtiraçı "Aviation Week" jurnalının əməkdaşı Li Hadsonun Maskın "F-35"-lərin alternativinin yaradılması haqqında fikrinə dair postunu şərh edib.

"Rəqib (F-35 - red.) insan tərəfindən uzaqdan idarə edilən pilotsuz qırıcı təyyarə olmalıdır, onun manevrləri avtonom şəkildə tənzimlənməlidir. "F-35"-lərin ona qarşı heç bir şansı yoxdur", - deyə "SpaceX"-in yaradıcısı qeyd edib.

Qeyd edək ki, Mask havada müharibə sahəsində novator ideyaların olub-olmamasına dair sualı cavablandırarkən qeyd edib ki, "qırıcıların erası artıq bitib".

Onun sözlərinə görə, bu sahədə gələcək pilotsuz uçan aparatların əlindədir.