Bu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti iki günlük dayandırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Sakinlərə yalnız sağlamlıqlarına təhlükə olduğu təqdirdə və ya yaxınlarının dəfnində iştirak etmək üçün küçəyə çıxmağa icazə verilir. Sonuncu halda 102-yə zəng vurub icazə almaq gərəkdir.
Şəhərdə bütün ticarət obyektləri, eləcə də apteklər bağlıdır. Qaydalara riayət olunmasına hüquq-mühafizə orqanlarının əməkdaşları nəzarət edirlər.
Yəqin ki, Bakı hələ heç vaxt bu qədər səssiz olmayıb. Bütün küçələr, mərkəzdəki prospektlər də daxil, hazırda bomboşdur. Avtomobillərin adət elədiyimiz səs-küyündən əsər-əkamət yoxdur, piyadalar gözə dəymirlər. Belə görüntü bir tərəfdən adamı qorxudur, bir tərəfdən də heyran edir. Sizə Bakının indiyədək görmədiyiniz hallarının fotolarını təqdim edirik.