MƏDƏNİYYƏT

Benksi də etirazını bildirdi: “Kimsə qapını sındırmalı olacaq”

Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir
Sputnik

BAKI, 6 iyun — Sputnik. Britaniyalı məşhur küçə rəssamı Benksi Minneapolisdə afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-da başlanan etirazlara həsr etdiyi işini göstərib.

Sputnik Azərbaycan bildirir ki, o, şəkli özünün Instagram səhifəsində yerləşdirib.

Şəkildə rəssam qara insanın matəm portretini və onun üst tərəfindən asılmış, bir qırağı şamdan od alan Amerika bayrağını təsvir edib.

“Rəngli (qara) insanlar sistemə görə uğursuzluğa düçar olublar. Ağ sistemə görə”, - Benksi paylaşımında yazıb.

Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir.

“Bu düzgün olmayan sistem onların həyatını məşəqqətə çevirir, ancaq (boruları) təmir etmək – onların vəzifəsi deyil. Heç kim onları yuxarıdakı mənzilinə buraxmayacaq”, - yazan rəssam əlavə edib ki, bu, “ağ adamların problemidir” və buna görə istənilən halda kimsə “yuxarı qalxıb qapını sındırmalı olacaq”.

Mayın 25-də Minneapolisdə polis əməkdaşları afroamerikalı Corc Floydu həbs ediblər. Bu zaman onu yerə yıxıblar, polis zabitlərindən biri dizi ilə onun boynunu sıxıb. Floyd dəfələrlə nəfəs ala bilmədiyini desə də, buna əhəmiyyət verməyiblər. Nəticədə Floyd reanimasiyada dünyasını dəyişib. Bundan sonra ABŞ-da kütləvi etiraz və iğtişaşlar başlayıb.