CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı əhalisi sanki "Leninqradın blokadası"na hazırlaşır - Üzücü görüntülər

Alıcılar arasında tibbi maskası olanlarla yanaşı, maskasız növbə gözləyənlər də çox idi. Ən böyük təhlükə isə kassaların qarşısında sosial məsafə tələbinə əməl olunmamasında idi.
Sputnik

Zülfiiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 iyun — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən həftəsonu sərt karantin rejimi tətbiq olunacaq. Şənbə və bazar günləri evdən çıxmaq qadağası ilə yanaşı ticarət obyektləri, apteklər, hətta ərzaq dükanları belə bağlı olacaq.  Bu qərardan sonra əhalinin marketlərə axını müşahidə olunub. Dünən gecə saatlarına qədər əhali iki günlük ərzaq tədarükünü təmin etmək üçün mağazalara üz tutub.

Bakı əhalisi sanki "Leninqradın blokadası"na hazırlaşır - Üzücü görüntülər

Sputnik Azərbaycan-ın məlumatına görə, ərzaq dükanlarında, iri supermarketlərdə qələbəlik bu gün də davam edib. Marketlərin kassalarının qarşısında uzun növbə müşahidə olunub. Bayılda yerləşən "Araz" marketdə də anoloji vəziyyət müşahidə olunurdu. Marketdə alıcı əlindən tərpənmək mümkün deyildi. Vitrinlər boşaldıqca doldurulur, tələbatın artması marketdə çalışan satıcıları da əldən salmışdı. Satıcılarla söhbət zamanı öyrəndik ki, dünən saat 20:00-dan sonra marketdə sözün əsl mənasında qələbəlik yaşanıb. Alıcıların un, çörək, şəkər tozuna tələbatı artdığından bu məhsullar anbarda da qurtarıb. Elə çörəyə tələbatın artması marketin boş qalmış çörək vitrinlərindən də bəlli olurdu. Marketin içərisində yerləşən "Xonça" təndir sexindən isə bu gün səhər saatlarından çörəyə tələbatın kəskin artdığını söylədilər: "Təndirimiz demək olar ki, soyumayıb. Səhərdən təndirə yapdığımız çörəklər el dili ilə desək taraş edilir. Çörəyi yapıb çatdıra bilmirik".

Bakı əhalisi sanki "Leninqradın blokadası"na hazırlaşır - Üzücü görüntülər

Marketdə ət və süd məhsullarına, eləcə də meyvə tərəvəzə də tələbat kəskin artmışdı. İki günlük evdən çıxma və marketlərin fəaliyyətinə qadağa qərarı sözün əsl mənasında insanları xofa salmışdı. Hətta müşahidələr zamanı, soğan, kartof kimi məhsulları kisə ilə alanlara da rast gəldik. Bu səbəbdən də marketin kassasında uzun növbə yaranmışdı. Alıcılar arasında tibbi maskası olanlarla yanaşı, maskasız növbə gözləyənlər də çox idi. Ən böyük təhlükə isə kassaların qarşısında sosial məsafə tələbinə əməl olunmamasında idi. Koronavirus təhlükəsi ilə əlaqədar iki günlük evdən çıxmağa qadağa qərarı insanların ərzaq mağazalarına kütləvi axını ilə nəticələnmişdi. Eyni vəziyyət meyvə tərəvəz dükanlarında da müşahidə olunurdu. Apteklərdə isə elə ciddi sıxlıq müşahidə olunmurdu. "Sabah" aptekin əczazçısı bildirdi ki, gündəlik qaydada dərman satışı davam edir: "Ancaq həyatı təhlükəli xəstəlikləri olan ürək qan-damar xəstəliyindən əziyyət çəkənlər, şəkər xəstələri lazım olan dərmanları alırlar".

Apardığımız müşahidələr zamanı iki günlük qadağanın əsasən ərzaq mağazalarında sıxlığa səbəb olduğu üzə çıxdı. Alış-veriş edib evinə qayıdan Səbail rayonu Bayıl sakini Pərvaz Kərimov  və Mətləb Həsənov isə mağazalarda sıxlıq olduğundan evə bir sıra zəruri ərzaqları almadıqlarını söylədilər: "İki günlük qadağa qərarı verdilər ki, şənbə və bazar günü koronavirusa yoluxma olmasın. Amma bu gün mağazalardakı basabasda adam nəinki koronavirusa, hər cür virusa yoluxa bilər. Evə un, şəkər tozu ala bilmədik. Çünki marketdə də qurtarmışdı. İnsanlar soğanı, kartofu kisə ilə alırdılar. Heç kəs sosial məsafə saxlamırdı. Kassalarda hamı bir-birinin az qala ağzının içinə girmişdi. Ödənişi etmək üçün 20 dəqiqə kassada gözləmişəm. 20 dəqiqəyə o qədər adamın içində adam hər cür virusa yoluxar. Camaatın çoxunun maskası yox idi. Bir sözlə marketlər ancaq öz ciblərini düşünüblər".

Mətləb Həsənov isə marketlərə axının süni qiymət artımına səbəb olduğunu söylədi. Yağın qiymətini 1 manata qədər bahalaşdırıblar. Pendirin, kəsmiyin də qiymətində artım var idi. Bir sözlə bu qərardan ancaq ərzaq mağazaları qazandı.