İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 5 iyun — Sputnik. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 4 iyun 2020-ci il tarixli qərarına görə, iyunun 6-ı saat 00.00-dan 8 iyun saat 06.00-dək Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti sitisna olmaqla). Qeyd olunan tarixdə əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.
Müşahidələr sübut edir ki, iki günlük qadağa Bakı sakinlərini çox narahat edib.
Mağazalara axışan kim, iki gün evdən çxımasına icazə verilməyəcəyi üçün boş-boşuna küçələrdə gəzən kim...
Sabahdan tətbiq ediləcək qadağaya görə bu gün küçələrdə insan sıxlığı daha çox müşahidə edilir.
28 yaşlı Bakı sakini Xəyal Əliyev deyir ki, o həyatında ilk dəfədir ki, belə qadağa yaşayır: "12 yaşından işləyən adamam. Heç valideynlərim belə mənə qadağa qoya bilmətib. Bu qadağaya qarşı çıxmaq mümkün deyil. Mart ayında belə düşünmürdüm, deyirdim ki, mənə heç kim qadağa qoya bilməz, amma virusa yoluxan insanların sayı artdıqca, özüm də başa düşməyə başladım ki, qadağalar bizim sağlamlığımız üçündür".
X. Əliyev iki günü ailəsi ilə bağda keçirəcəyini deyir.
66 yaşlı Gülnarə Qəribova 40 ildir məhdudiyyətlə yyaşadığını və qadağaların onu qorxutmadığını deyir: "40 ildən çoxdur, ailə qurmuşam. Elə o gündən " o olmaz, bu olmaz" eşitmişəm. Yəni, artıq öyrəncəliyəm. Məni heç nə qorxutmur. Oturacağam evimdə, kasıbın olanından da yeyəcəyəm. Çıxmışam bazarlıq edim, gedim evimə. Yoxsa məni heç nə narahat etmir. Bircə bu "mərət"ə yoluxmayaq, görək başımıza nə gəlir".
Hazırda bəzi ərazilərdə avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir. İş saatı bitdiyi üçünhər kəs iki günlük karantinə doğru hərəkət edir.
Paytaxtın Xəzər rayonu, Abşeron rayonu, Nizami rayonu ərazilərində sıxlıq müşahidə edilir.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 5000 manatadək məbləğdə cərimə oluna, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, fiziki və vəzifəli şəxslərə bir ayadək müddətə inzibati həbs cəzası tətbiq oluna bilər.