MƏDƏNİYYƏT

Məşhur azərbaycanlı qadın Rusiya filminin qəhrəmanı olub

Azərbaycanın Əməkdar artisti Fuad Osmanovun qızı Rusiya filmində Mixail Kalaşnikovun ikinci həyat yoldaşı rolunu oynayıb.
Sputnik

BAKI, 4 iyun - Sputnik, Kəmalə Əliyeva. Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının aparıcı aktrisalarından olan Olqa Lerman Rusiyanın "Kalaşnikov" filminin qəhrəmanı olub. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadla xəbər verir ki, filmin rejissoru Konstantin Buslovdur. Lerman filmdə Mixail Kalaşnikovun ikinci həyat yoldaşı Yekaterina Moiseyevanı canlandırır.

"Mixail Kalaşnikovun həyatı haqqında kitab və internetdən çox şey oxumuşam, müxtəlif video və məqalələri nəzərdən keçirmişəm. Öz qəhrəmanım haqqında bütün məlumatları tapmağa cəhd etmişəm. Bu, kifayət qədər effektiv yanaşmadır, çünki insana kənardan baxış, məsələn, şəxsi memuarları, onun daha obyektiv portretini təsəvvür etməyə imkan verir. Həm də hazırlıq zamanı onun peşəsindən xəbərdar olmaq üçün bəzi hiylələri öyrəndim. Düşünürəm ki, bunlar onun xarakterində öz izini qoyub", - deyə Lerman qeyd edib.

Film 28 ilə əfsanəvi AK-47 silahını yaradan Mixail Kalaşnikovun həyatından bəhs edir.

Olqa Lerman Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışan şöbə müdiri Viktoriya Lerman və Azərbaycanın Əməkdar artisti Fuad Osmanovun ailəsində dünyaya göz açıb. Aktyor peşəsində ilk addımlarını Azərbaycan Dövlət Rus Dram Teatrının və Heydər Əliyev Sarayının səhnəsində atıb. On altı yaşında Bakı Xoreoqrafiya məktəbindən Krasnodar Xoreoqrafiya məktəbinə köçürülüb. O vaxtdan Lerman Rusiyada yaşayır.

Boris Şukin adına Teatr Məktəbini bitirib. Moskva Akademik Satira Teatrında çalışıb, indi isə Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının aktrisasıdır.