BAKI, 4 iyun — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 11221-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 697 nəfər artıb.
Ermənistanda son gündə daha 6 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 176-ya çatıb. Xəstəlikdən sağalanların sayı 3454 olub. Hazırda bu ölkədə olan 6841 nəfər xəstəxanada müalicə alır.
Gürcüstanda isə daha 1 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 801-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,6 milyonu keçib, 381 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.