BAKI, 3 iyun — Sputnik. Martın 6-dan etibarən ilk dəfə olaraq "Brent" markalı neftin qiyməti 40 dollardan yuxarı qalxıb.
Sputnik Azərbaycan "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 10:58-də "Brent" neftinin avqust fyuçerslərinin qiyməti bir barelə görə 40,36 dollara yüksəlib.
Saat 10:58-də "WTI" neftinin iyul fyuçerslərinin bir barelə görə qiyməti 37,83 dollar təşkil edib.
İnvestorlar qarşıdakı OPEC+ iclasını dəyərləndirməyə davam edirlər. Medianın məlumatına görə, təşkilat hasilatın ixtisarını bir-üç ay müddətinə uzadılması imkanını nəzərdən keçirir.
Martın 6-da OPEC+ ölkələri nə hasilatın azaldılması haqqında Sazişin parametrlərinin dəyişdirilməsi, nə də onun uzadılması barədə razılığa gələ biliblər. Bundan sonra neft kotirovkaları düşməyə başlayıb. Nəticədə aprelin 1-dən etibarən alyans ölkələrində neft hasilatına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Mart ayı ərzində neft iki dəfədən çox ucuzlaşıb.
Apreldə təşkilat istehsal həcminin may-iyun aylarında 9,7 milyon barel, ikinci yarımillikdə 7,7 milyon barel və 2022-ci il aprelin sonuna qədər 5,8 milyon barel azaldılmasına dair razılığa gəlib.