ABŞ-da etirazların başlamasından bəri doqquz mindən artıq insan saxlanılıb

Minneapolisdə afroamerikalı Corc Floydun polisin əlində ölməsindən sonra ABŞ şəhərlərini etiraz və iğtişaşlar dalğası bürüyüb.
Sputnik

 

BAKI, 3 iyun — Sputnik. ABŞ-da afroamerikalı Corc Floydun polisin əlində ölməsi ilə əlaqədar etirazların başlamasından sonra ən azı 9,3 min nəfər saxlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Associated Press" agentliyinin hesablamalarında deyilir.

Agentliyin məlumatına görə, təkcə Los Ancelesdə 2700 nəfər saxlanılıb. Onun ardınca isə Nyu-York gəlir – orada etirazların başlanmasından sonra təxminən 1500 nəfər həbs olunub. Dallas, Hyuston və Filadelfiya kimi böyük şəhərlərdə də yüzlərlə adam saxlanılıb.

Minneapolisdə afroamerikalı Corc Floydun polisin əlində ölməsindən sonra ABŞ şəhərlərini etiraz və iğtişaşlar dalğası bürüyüb. İnternetdə yayılmış videogörüntülərdə polislərin Floydu qandallayaraq yerə yıxdığını və Derek Şovin adlı polis əməkdaşının onun boynunu dizi ilə yerə sıxdığını görmək olar. Floyd isə bu zaman bir neçə dəfə nəfəs ala bilmədiyini deyir. Onun reanimasiyada vəfat etdiyi bildirilib.

İğtişaşlar başlayandan sonra dörd polis nəfəri işdən çıxarılıb. Şovin isə ehtiyatsızlıqdan qətl törətmək ittihamı ilə həbs edilib.