CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alma ilə nektarində xəstəlik tapıldı

Şəki-Zaqatala bölgəsində fitosanitar müşahidələr zamanı fındıq bağlarında vəziyyətin qənaətbəxş olduğu aşkarlansa da, alma, şaftalı və nektarində xəstəlik tapılıb.
Sputnik

BAKI, 2 iyun — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələri davam etdirir.

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, AQTA-nın fitosanitar müfəttişləri bitki sağlamlığının qorunması və ixrac olunan məhsullarda risk səviyyələrinin müəyyən edilməsi məqsədilə Şəki-Zaqatala bölgəsində fındıq və meyvə istehsalı ilə məşğul olan fermerlərlə maarifləndirici görüşlər keçiriblər. Görüş çərçivəsində bağlarda fitosanitar müşahidələr aparılıb, zəruri aqrotexniki tədbirlərin görülməsi barədə fermerlərə geniş məlumatlar verilib.

Fındıq bağlarında aparılan müşahidələr zamanı zərərvericilərdən fındıq mənənəsi (Myzocallis coryli) və fındıq güvəsinə (Gypsonoma dealbana), xəstəliklərdən unlu şehin (Phyllactinia guttata) ilkin simptomlarına rast gəlinməyib. Meyvə bağlarında isə almada dəmgil (Venturia inaequalis), şaftalı və nektarində yarpaq qıvrılması (Taphrina deformans) xəstəlikləri aşkar edilib. AQTA əməkdaşları görüləcək mübarizə tədbirləri, istifadə ediləcək pestisidlər barədə sahibkarlara tövsiyələr veriblər. Eyni zamanda hazır məhsulların saxlanıldığı anbarlarda da monitorinq keçirilib.

Qeyd edək ki, AQTA tərəfindən bu cür maarifləndirici tədbirlər mütəmadi olaraq davam etdirilir.