BAKI, 2 iyun — Sputnik. Bakıda sıxlaşdırılmış qazla (CNG) işləyən avtobusların sayı açıqlanıb. Sputnik Azərbaycan-a bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, hazırda Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olan “BakuBus” MMC tərəfindən paytaxtımızda 603 CNG avtobusu fəaliyyət göstərir: "Bakıda daha iki (11 və 30 nömrəli) müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları artıq yeni Avro 6 standartlarına cavab verən CNG avtobusları ilə həyata keçirilir. Sevindirici haldır ki, şəhərimizdə köhnə dizel avtobuslarından dayanıqlı alternativlərə keçməklə iqlim neytrallığına nail olmaq istiqamətində mühüm addımlar atılır. Bu avtobuslar sıxlaşdırılmış təbii qazla çalışdığı üçün onlar daha təmiz yanacaqdan istifadə etmiş hesab edilirlər və nəticə etibarilə hava çirklənməsi ilə mübarizədə mühüm rola malikdirlər. Eyni zamanda səssiz olmaları səs çirklənməsinə də öz mühüm töhfəsini verməkdədir".