Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 1 iyun — Sputnik. Bu gün bütün dünyada yayılan koronavirus pandemiyası yeni olduğundan onunla bağlı bir çox suallar hələ də açıq olaraq qalır: Bu virus əleyhinə hazırlanan vaksinlər yararlı olacaqmı? Hər qış mövsümündə virus geri dönüş edəcəkmi? Uzun müddət bu virusla vəziyyəti necə idarə edəcəyik?
Bu və digər bu kimi suallar arasında ən çox verilən və düşündürəni isə, virusa ikinci dəfə yoluxma riskinin olub-olmayacağı ilə bağlıdır. Araşdırmalar göstərir ki, çox nadir hallarda bu virusa ikinci dəfə yoluxma halı baş verir. Məsələn, bu ilin fevralında Yaponiyada bənzər hadisə baş vermişdi, qadın ikinci dəfə koronavirusa yoluxmuşdu.
Azərbaycana gəldikdə isə ölkəmizdə bu virusa təkrar yoluxma faktı qeydə alınmayıb. Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Bundan başqa, təkrar yoluma faktının qarşısını almaq üçün TƏBİB müalicə müddəti başa çatdıqdan sonra, əlavə 14 gün də bu şəxslərin evdən çıxmamasını tövsiyə edir.
Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkim-laborantı, Laboratoriya şöbəsinin müdiri Rəşad Ağarəhimov isə Sputnik Azərbaycan-a açıqlamasında ümumiyyətlə bu virusa təkrar yoluxma halının baş verə biləcəyi ehtimallarından danışıb: "Təkrar yoluxma halına bizdə rast gəlinməyib, amma Çində və bir neçə başqa ölkələrdə təkrar yoluxma hallarına rast gəlinib. Ümumiyyətlə virus elə bir canlıdır ki, demək olar ki, hər həftə genetik kodu yenilənir və yeni ştammlar əmələ gətirir. Bu gün mövcud olan ştamma qarşı orqanizmdə müdafiə sistemi yaranıbsa, yeni ştamma qarşı heç bir müdafiə olmur və asanlıqla eyni xəstəliyə yenidən tutulma ehtimalı olur. Necə ki, qrip virusu ilə ildə bir neçə dəfə xəstələnmək mümkündürsə, bu virusa da eyni yolla yoluxmaq mümkündür".
"O ki qaldı 14 gün məsələsinə, evə yazılan xəstələr ya həmin 14 günü xəstəxanada keçirməlidirlər, ya da biz onlara bir kağıza imza atdırıb razılıq alırıq ki, qalan 14 günü evdə özünütəcrid edərək oturacaq. Həmin müddətdə pasiyent evdən kənara çıxa bilməz və evdə də fərdi qoruyucu vasitələrdən istifadə etməlidir", - deyə həkim əlavə edib.
Tibb üzrə ekspert Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, insanlar üzərində bununla bağlı qəti rəy olmasa da, meymunlar üzərində aparılan tədqiqatlara görə, koronavirusa yoluxanlar yenidən bu xəstəliyə yoluxmur: "Yəqin ki, insanlarda da bu cürdür. Bəzi şəxslərdə simptomlar olmasa da, xəstəlik özünü klinik vəziyyətdə göstərir. Bundan baaşqa, bu xəstəliyə immunitetin yaranması faktoru bəllidir. İmmunitet yaranır və şəxs ikinci dəfə bu xəstəliyə yoluxmur".