CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On beş ağır xəstəyə 21 dəfə plazma köçürüldü

Tibb mütəxəssisləri tərəfindən dörd xəstədə müsbət dinamika, üç xəstədə isə yaxşılaşma müşahidə edilib.
Sputnik

BAKI, 1 iyun — Sputnik. Yeni növ koronavirus çox sürətlə yayılan bir virusdur. Hazırda ölkəmizdə aparılan çox ciddi əksepidemik tədbirlərə baxmayaraq, bir çox insanın sanitar-gigiyenik qaydalara riayət etməməsi nəticəsində, koronavirus xəstələrinin sayı artır.

TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirus infeksiyası yaşlı, xüsusilə yanaşı xəstəliyi olan insanlarda daha aqressiv və ağır gedişatlı müşahidə edilir. Lakin hətta gənclərdə də yanaşı xəstəliklər varsa, bu xəstəlik ağır gedişatlı və ya ölümlə nəticələnir. Virus əleyhinə aparılan müalicələr qeyd edilən şəxslərdə effektiv olmur.

Bütün dünyada ağır xəstələrə tətbiq edilən Konvalesent plazma müalicəsi üçün istifadə edilən immun plazma ölkəmizdə Milli Hemotologiya və Transfuziologiya Mərkəzində hazırlanır. Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər. Hal-hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələrimiz var. Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent Plazma müalicəsi çox effektivdir. Artıq müxtəlif pandemiya xəstəxanalarında müalicə alan 15 ağır xəstəyə 9 donordan alınan immun plazma ilə 21 dəfə Konvalesent plazma infuziyası aparılıb. Mütəxəssislər tərəfindən 4 xəstədə müsbət dinamika, 3 xəstədə isə yaxşılaşma müşahidə edilib. İmmun plazma müalicəsi bir çox xəstələrdə bir neçə dəfə aparıla bilər. Donorlar 14 gün sonra təkrar plazma hədiyyə edə bilərlər: "Sənin mübarizən bitə bilər, lakin ölkədə koronovirusla mübarizə davam edir. Onların qəhrəmanı sən ol! Qan ver, həyat xilas et!"