BAKI, 31 may — Sputnik. Artıq Bakıdan ezam olunan mütəxəssis heyəti Şəkidədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovaSputnik Azərbaycan-a bildirib ki, mütəxəssis heyəti Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə tez bir zamanda hadisə yerinə çatdırılıb. Mütəxəssislər tərəfindən ayının yatızdırılması üçün iynə vurulub. Artıq iynə təsirini göstərib və ayı yatızdırılaraq Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilib.
Qeyd edək ki, ayı orada baytar həkim tərəfindən müayinə olunacaq və mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.
İradə İbrahimova bu işdə mütəxəssislərə yardımçı olan, dəstək verən, təmkin və dözümlülük göstərən Şəki şəhər İcra Hakimiyyətinə, polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına minnətdarlığımızı bildirib.
Xatırladaq ki, ötən gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. Onun təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülüb.