Etiraz aksiyaları koronavirusu yaya bilər – Minnesota qubernatoru narahatlığını bildirdi

"Mən vəziyyətin çox böyük sürətlə yayılmasından narahatam. Bizi COVID-19-un kəskin sıçrayışı gözləyir".
Sputnik

BAKI, 31 may — Sputnik. Minnesota ştatının qubernatoru Tim Uolz afroamerikalı vətəndaşın polis əməkdaşları tərəfindən saxlanılarkən ölməsi ilə bağlı keçirilən etiraz aksiyalarının amerikalılar üçün törətdiyi fəsadlardan danışıb.

Sputnik Azərbaycan CNN telekanalına istinadən xəbər verir ki, Uolz koronavirusun yayılma riskinin artdığını bildirib.

"Mən vəziyyətin çox böyük sürətlə yayılmasından narahatam. Bizi COVID-19-un kəskin sıçrayışı gözləyir", - o, xəbərdarlıq edib.

Minnesota qubernatoru həmçinin iğtişaş iştirakçılarını həbsxana ilə qorxudub. Onun sözlərinə görə, dövlət həbsxanalarında etiraz aksiyaları zamanı saxlanılan şəxslərin hamısını yerləşdirmək üçün kifayət qədər yer var.

Bu həftə Minnesota və Amerikanın bəzi digər ştatlarında Corc Floydun ölümü ilə əlaqədar kütləvi etirazlar və iğtişaşlar başlayıb.

Xatırladaq ki, polis Floydu qandallayıb və yolun qırağında yerə yıxıb. Derek Şovin adlı polis əməkdaşı isə dizi ilə onun boynunu yerə sıxıb. Floyd nəfəs ala bilmədiyini deyib, amma asayiş keşikçiləri buna diqqət yetirməyiblər. Qısa müddət sonra Floyd xəstəxanada ölüb.

İğtişaşlar nəticəsində mayın 30-da Oklend şəhərində ABŞ Federal Mühafizə Xidmətinin iki əməkdaşı odlu silahdan atəş nəticəsində yaralanıb. Onlardan biri dünyasını dəyişib.

Mitinqlər xüsusilə Vaşinqtonda, Ağ Evin yaxınlığında da keçirilir.