CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Möcüzələr adası və bir az da vahiməli məkan. Hər kəs buradan danışır - VİDEO

Azərbaycanda "tərsinə" - yəni altı cavan, üstü qoca dağların olduğundan xəbəriniz var idi? Ardımızca gəlin, indi hər şey aydın olacaq
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbycan

BAKI, 30 may — Sputnik. “Xızının dağları” mahnısı dillər əzbəri idi. Hələ uşaqlıqdan hər dəfə bu mahnını dinləyəndə düşünürdüm ki, niyə başqa dağlara yox, məhz Xızının dağlarına mahnılar qoşulub. Oranı görmək, gəzmək uşaqlıqdan arzum idi. Bu yaxınlarda yolumuzu Xızıdan salmaq qərarına gəldik. Yol kənarında “Xızı” yazılan lövhəni görüb üzümüzü tutduq Xızı rayonuna. Yol boyu gözümüzü ancaq dağlara zilləmişdik. Bir müddət sonra uzaqdan alabəzək dağlar göründü. Həmin əraziyə çatmaq üçün çox səbirsizlənirdik. Nəhayət, çılpaq təpəlikləri rəngli dağlar əvəz elədi.  Sanki nağıllar aləmində idik. Açığı, maraqlı və füsunkar olduğu qədər də vahiməli idi. Çünki ilk dəfə idi ki, belə dağlarla qarşılaşırdıq. Oranın ecazkarlığını təsvir etmək olduqca çətindir. Mütləq orada olmalı və görməlisiniz.

Möcüzələr adası və bir az da vahiməli məkan. Hər kəs buradan danışır - VİDEO

Bu ərazi Böyük Qafqaz sıra dağlarının cənub-şərq qurtaracağıdır. Burada yerləşən dağların hündürlüyü təxminən 1000-1500 m arasında dəyişir. Maraqlı tərəfi odur ki, burada dağlar bir-birinə bənzəsə də, təkrarlanmır. Hər hissəsinin öz gözəlliyi var. Dağların bəzi hissələrində qırışlar yaranıb. Bunun da öz gözəlliyi var.

Bəs bu dağların belə olmasına səbəb nədir? Bu suala cavab tapmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun elmi katibi Mirnuh İsmayılov ilə həmsöhbət olduq. O, Sputnik Azərbaycan-a çox maraqlı açıqlamalar verdi: “Xızının gözəl, mənzərəli relyefi insanı, doğrudan, valeh edir. Burada geoloji keçmişin mürəkkəbliyi  özünü aydın surətdə göstərir. Bu dağları tədqiq etməklə Xızının tarixi, keçmişi haqqında məlumatlar toplamaq mümkündür. Bu rəngli dağlar Mezozoy erasının Yura dövrünə aid süxurlardan təşkil olunub. Bura həm də Yura gilləri də deyilir. Yura gilləri kifayət qədər perium tərkibli kimyəvi elementlərlə seçildiyi üçün həmin süxurların qırmızı rəngə çalmasına səbəb olub”.

“Adətən, bəziləri buraya rəngli, bəziləri bəzəkli dağlar deyirlər. Yəni onu xarici görünüşünə görə adlandırmağa çalışırlar. Burada üfüqi yatmış laylar vaxtilə bu ərazidə dağ əmələgəlmə dövründə skif tavası ilə cənubdan gələn litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlib. Dağ əmələgəlmə prosesində həmin rəngli süxurların yatım vəziyyətinə görə onun hansı istiqamətdə, hansı intensivlikdə getdiyini görmək mümkündür. Dağlara diqqət etsək, rəngli dağ yamaclarında laylar müxtəlif konfiqurasiyalar əmələ gətirir”.

Möcüzələr adası və bir az da vahiməli məkan. Hər kəs buradan danışır - VİDEO

 Mirnuh müəllim bu dağların rəngindən başqa, formalarının da müxtəlif olmasını diqqətə çatdırdı. Yamaclar da gah qırışmış, gah bir-birinin üstünə çıxmış vəziyyətdədir.

“Gördüyünüz kimi, dağların yamaclarında maraqlı və müxtəlif formalı qırışlar var. Biz universitetdə və yaxud məktəblərdə tələbələrə, şagirdlərə coğrafiya dərsi keçərkən əyani vəsait kimi bu dağları göstərə bilərik. Adi dillə "üfüqi  yatmış dağların qırışması" dedikdə o qədər də aydın olmur. Biz tələbələrə həmin qırışıqlıqlar barəsində ətraflı məlumat verməyə çalışırıq. Hətta söhbət əsnasında deyirik ki, həmin qırışıqlıqlar simmetrik olmaya bilər. Yəni burada qarışıq şəkilli qırışıqlıqlar əmələ gətirir”.

“Bu dağların başqa dağlardan bir fərqi də intensivliklərin üst-üstə gəlməsidir. Dağlarda adətən belə olur ki, altdakı laylar üstdəki laylardan cavan olur. Lakin Xızı dağlarında fərqli elementlər görürük. Qədim süxurlar üstdə yatır, alt hissədə isə cavan süxurlara rast gəlinir. Bunun səbəbi isə vaxtilə dağ əmələgəlməsinin qırışlarla yox, layların blokvari bir-birinin üzərinə hərəkət etməsi nəticəsində əmələ gəlməsidir. Xızı dağlarında, xüsusilə Beşbarmaq dağında bu özünü  aydın surətdə göstərir”.
Möcüzələr adası və bir az da vahiməli məkan. Hər kəs buradan danışır - VİDEO

Bu dağlara qədimdən el arasında isə “Komanı“ deyilib. Sonradan onun adı dəyişdirilərək “Dübrar” dağı kimi adlanıb.

Burada, dağlarla üzbəüz böyük şairimiz Mikayıl Müşviqin ev muzeyi yerləşir. Həmin dağın üzərində şairin şeirindən misra və tar şəkli əks olunub.

Rayon sakinlərinin və oraya üz tutan turistlərin fikrincə, bu əsrarəngiz məkana turistləri cəlb etmək üçün mütləq şəkildə ekskursiyalar təşkil olunmalı, turistik obyektlər yaradılmalıdır.