İQTİSADİYYAT

Bura təbiətin geri dönüş nöqtəsidir - Hər şeydən xeyir alındığı yer

Burada sahibkarlar həm zibili yenidən emal edir, həm də 7 il ərzində müəyyən güzəştlər əldə edir - Balaxanı Sənaye Parkından reportaj
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbycan

BAKI, 30 may — Sputnik. Ötən il Balaxanı Sənaye Parkında istehsal olunan məhsulların Gürcüstan, Ukrayna və Qazaxıstandan başqa, artıq ABŞ-a ixracına başlanılıb. Belə ki, Balaxanı Sənaye Parkının rezidenti Amerika Birləşmiş Ştatlarına məhsul ixracına başlayıb. İlkin planda ABŞ-a ildə 3 min mebel dəstinin ixracı nəzərdə tutulur.

Bu gün bir çox ölkələr sıfır tullantı ideologiyası ilə çıxış edirlər. Burada fəaliyyətin əsas istiqaməti tullantıların geri dönüşünü həyata keçirtməkdir. Azərbaycanda da bir neçə ildir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Balaxanı Sənaye Parkı bu öhdəliyi üzərinə götürüb.

Sputnik Azərbaycan Sənaye Parkındakı fəaliyyətlə tanış olub.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Sərəncamı ilə yaradılan parkda hazırda 19 ixtisaslaşmış rezident qeydiyyatdan keçib. Bu rezidentlərin əsas fəaliyyəti tullantını tamamilə sıfır həddə çatdırmağa köklənib.

Bura təbiətin geri dönüş nöqtəsidir - Hər şeydən xeyir alındığı yer

Burada plastik butulkaların, tullantı plastik məmulatların təkrar istehsalı, o cümlədən, tullantı kağızlardan çap-poliqrafiya məhsullarının istehsalı, kraft kağızdan çanta, tullantı qida yağlarını təkrar emal etməklə biodizel üçün xammalın istehsalının həyata keçirilməsini görmək mümkündür.

Sənaye Parkında həmçinin polietilen və polipropilen tullantılarını təkrar emal etməklə polietilen-polipropilen dənələrinin, zibil torbalarının, baxilin, stretçin və s. bu kimi məhsulların təkrar istehsalı da həyata keçirilir.

Bura təbiətin geri dönüş nöqtəsidir - Hər şeydən xeyir alındığı yer

Qənnadı məmulatların tullantılarından isə kənd təsərrüfatı üçün gübrə və yem istehsalı, polietilen tullantıların təkrar emalından yapışqan lent istehsalı, ağac emalı sənayesindən, mebel sənayesindən, kənd təsərrüfatının ağac tullantılarından briketlənmiş kömür istehsalı, tullantı kağızından meyvə altlıqların (viyol) və karton qutu istehsalı həyata keçirilir.

Sənaye Parkında bir neçə rezidentin fəaliyyəti ilə tanış olduq. Burada istifadə olunmuş tullantı yağlarından əldə edilən müxtəlif yağlar sənaye yağı kimi istifadə olunur. "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Elmar Məlikovun sözlərinə görə, bu sahədə təkrar emala qayıdış tamamilədir, yəni heç bir itki yoxdur. Fərdi sahibkarı olan yağ emalı zavodunda tullantı yağlardan sənaye, baza, mühərrik, hidravlika yağları istehsal olunur.

Bura təbiətin geri dönüş nöqtəsidir - Hər şeydən xeyir alındığı yer

Zavod boyu gəzdikcə məlumat alırıq ki, Balaxanı Sənaye Parkında həmçinin maqnezium oksid panellərin düzəldilməsi, skoç istehsalı, aktivləşdirilmiş kömür istehsalı həyata keçirilir. Ümumi ərazisi 10 hektardan artıq olan sənaye parkının fəaliyyəti həm də xammal idxalı asılılığının azalmasına səbəb olur. Bundan başqa, buradakı təkrar emal təbii resurslara, enerjiyə qənaət olunmasına da səbəb olur. Sənaye parkının fəaliyyəti ilə bağlı əsas plan isə ümumi və davamlı infrastrukturun yaradılmasından, emal, istehsal və xidmət sahələrinin əlaqəli şəkildə vahid məkanda yerləşməsindən, sənayenin ətraf mühitdə təsirlərinin azaldılmasından ibarətdir.

Burada əsas hədəflərdən biri də plastikin təkrar emalı, şin, rezinin, elektrik və elektron cihaz tullantılarının, akkumlyatorların, əlvan metal və kabellərin, təhlükəli məişət tullantılarının (batareya, lampa, civə tərkibli əşyalar və s.), yaşıl (təkrar emal olunmuş) məhsulların istehsalını həyata keçirtməkdir.  

Bura təbiətin geri dönüş nöqtəsidir - Hər şeydən xeyir alındığı yer

Sənaye Parkında təkrar istehsal sahəsinə maraq göstərən sahibkarlara münbit işgüzar mühit yaradılıb. Belə ki, burada sahibkarlara əlverişli şərtlərlə qısa və uzunmüddətli kredit almaq, əlverişli qiymətlə torpaq və sənaye binalarının icarəsi, vergi və gömrük güzəştlərinin tətbiqi imkanı verilir. Bundan başqa, qeydiyyata alındıqdan 7 il müddətinə də müəyyən güzəştlər var. Bura mənfəət, torpaq, əmlak vergisindən azad olunma, bundan başqa, 7 il müddətində sənaye parkında istehsal sahəsinini qurulması və istehsal məqsədi ilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğular əlavə dəyər vegisindən və idxal rüsumundan azad edilir.

 Balaxanı Sənaye Parkının cəlbediciliyinin başlıca xüsusiyyətlərindən biri yaşıl biznesin fəaliyyəti nəticəsində ətraf mühitə təsirin azaldılması, bundan başqa, təkrar istehsal, təkrar istifadə müəssisələrinin yaradılması, bu sahəyə dəstəyin göstərilməsi, əldə edilmiş xammalın satışı və istehsal olunmuş məhsullar bazarının genişləndirilməsidir.

Ümumilikdə isə, Balaxanı Sənaye Parkına rezidentlər tərəfindən 42,3 mln. manat investisiya qoyuluşu və 710 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub.