HADİSƏ

Bərdədə bıçaqlanan icra başçısının keçmiş müavini imiş

Oğlu ilə bacısı oğlunu sakitləşdirmətə çalışan ataya üç bıçaq zərbəsi vurulub. Bacıoğlu dayıya rəhm etməyib.
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 30 may - Sputnik. Bərdə rayonunun Şərəfli kəndində məişət zəminində bıçaqlama hadisəsi baş verib. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, kənd sakinləri Şamil Qasımov və Orxan Fərəcbəyli arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Orxan Fərəcbəyli bıçaqdan istifadə etmək istəyərkən Şamil Qasımovun atası Məzahir Qasımov araya girərək onları aralaşdırmağa çalışıb. Bu zaman Fərəcbəyli dayısı Məzahir Qasımova 3 bıçaq zərbəsi vurub.

Hadisə vaxtı yaralanan Məzahir Qasımov Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı Məzahir Qasımovun vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Hadisəni törədən O.Fərəcbəylini saxlamaq hələlik mümkün olmayıb.

Onu da qeyd edək ki, Məzahir Qasımov 2005-2010-cu illərdə Bərdə rayon İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində çalışıb. Hazırda “Azərtoxum” MMC-nin direktorudur.