BAKI, 29 may — Sputnik. ABŞ Prezidenti Donald Tramp qaradərilinin polis tərəfindən öldürülməsinə görə üsyana qalxan Minneapolis şəhərinə qoşun yeridə biləcəyi ilə hədələyib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə o, özünün Twitter səhifəsində yazıb.
"Sakitcə oturub möhtəşəm Amerika şəhərinin başına gələnləri seyr edə bilmərəm. Orada güclü lider çatışmır. Ya bu zəif radikal solçu, mer Ceykob Frey özünü ələ alıb kütləni sakitləşdirəcək, ya da mən özüm oraya Milli Qvardiyanı göndərəcəm", - Amerika lideri bəyan edib.
Qeyd edək ki, bundan əvvəl Minnesota ştatının qubernatoru Tim Uolz Milli Qvardiyanı şəhərə çağırmışdı. O qeyd etmişdi ki, dinc nümayişləri dəstəkləyir, amma şəhərdəki dağıntılar təhlükəsiz şəraitin yaradılmasını tələb edir. bundan sonra etirazçılar polis məntəqəsini yandırıblar.
Minnesota ştatının ən iri şəhəri olan Minneapolisdə iğtişaşlar 46 yaşlı qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindənm sonra başlayıb. O, mayın 25-də həbs olunarkən polis onu yerə yıxıb və dizi ilə boynundan basıb. O, nəfəs ala bilmədiyini desə də polis əməkdaşı buna əhəmiyyət verməyib. Floyd aparıldığı xəstəxanada keçinib. Sabahı gün yüzlərlə adam etiraza çıxıb. Onların əksəriyyəti "Nəfəs ala bilmirəm" yazılan maska taxıb. Dinc aksiya iğtişaşa çevrilib: sakinlər polis idarəsini yandırıblar, əvəzində polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.