BAKI, 29 may — Sputnik. “Yumşalma artıqda yoluxma artır”.
Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. Onun sözlərinə görə, buna görə də Operativ Qərargah rayonlara gediş-gəlişin bərpasını bu mərhələdə saxlamağı qərara alıb.
Eyni zamanda ölkədə sərt karantin rejiminin bərpası nəzərdə tutulmur. Bu barədə isə həmin brifinqdə iştirak edən TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, yalnız lokal ərazilərdə sərt karantin rejiminin tətbiqi gündəmdədir.
R.Bayramlı deyib ki, hazırda dünyada pandemiyanın birinci mərhələsi yaşanır və qaydalara riayət olunsa, epidemik ocaqlar sönəcək: “Əksinə olsa, qış aylarında epidemiyanın ikinci dalğası gələ bilər".
TƏBİB qeyd edib ki, son həftələrdə 7 gündən sonra təkrar pozitiv çıxan hallar artır: “Mütəxəssislər düşünürlər ki, mutasiyanın baş verməsi buna səbəb ola bilər. Ona görə də mutasiya və ikinci dalğa ilə bağlı bir çox məsələ sual altındadır”.