BAKI, 29 may — Sputnik. “Şənbə və bazar günləri məhdudiyyətlərin tətbiqi yenə gündəmdədir”.
Sputnik Azərbaycan bildirir ki, bu barədə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, əgər qarşıdakı günlərdə yoluxmada artım olsa, iyun ayında və bayram günlərində məhdudiyyətlər tətbiq oluna bilər: “Eyni zamanda lokal məhdudiyyətlər də tətbiq oluna bilər”.
R.Bayramlı həmçinin istirahətlə bağlı suallara da aydınlıq gətirib. Çimərlik və akvaparklarla bağlı qaydaların tibbi-metodik göstərişlərdə əksini tapdığını vurğulayan TƏBİB sədri qeyd edib ki, fərdi sahibkarlıq subyektləri qaydalara riayət etməsələr, ciddi cərimələrlə üzləşəcəklər: “Xaricdə bu qaydalara riayət edilməməsi ilə bağlı ciddi cərimələr nəzərdə tutulur. Biz də tibbi bölgə olaraq ciddi cərimələrin tətbiqinin tərəfdarıyıq”.
R.Bayramlı bəzi xəstələrin evdə müalicə oluna biləcəklərini də deyib: “Biz artıq asimptomatik xəstələrin evdə müalicəsi barədə sənəd də hazırlamışıq. İndiyə qədər xəstəliyin əlamətləri olmayan şəxslər də xəstəxanalarda müalicə edilirdilər. Ancaq xəstəxanaların doluluq səviyyəsi artır. Gələcəkdə zərurətdən doğaraq bu qaydanı tətbiq etsək, qaydaları pozan asimptomatik xəstələrə ciddi cəza və cərimələrin tətbiqi də gündəmə gələ bilər”.
Cərimələrin məbləğinə gəlincə isə brifinqdə iştirak edən Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki,
bunları hazırda açıqlamaq hələ tezdir. O bildirib ki, yaxın günlərdə Milli Məclisdə cərimələr təsdiqlənəcək və elan olunacaq.