BAKI, 28 may - Sputnik. İt döyüşlərini əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra məsələ dərhal Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülmüş və polis əməkdaşları tərəfindən həmin şəxslər müəyyən edilərək saxlanılıb.
DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, şəxsi axtarış zamanı Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyevdən narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ) maddəsi ilə cinayət işi başlanılıb və onun barəsində məhkəmin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev və Murad Ştayev isə aparılan araşdırma ilə əlaqədar izahatlarının alınması üçün polisə dəvət edilərkən qəsdən tabeçilik göstərməyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmayıblar. Onların hər biri barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs ediliblər.
Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə itlərin döyüşdürülərək bir-birini parçalaması barədə videogörüntülər yayılıb. Məlumatda qeyd olunub ki, Mətləb adlı şəxs “Pitbull” fermasında it döyüşləri təşkil edir. İddiaya görə, itlərə narkotik vurub, ölənə qədər döyüşdürürlər. Qeyd edilir ki, hətta küçədən adi itləri tutub, döyüşçü itlərin önünə atırlar. “Pitbull” küçə itini öldürdükdən sonra isə onun cəsədi doğranılır və cavan döyüş itlərinə yedizdirilir.