Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 27 may — Sputnik. Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi davam etsə də, karantin tələblərinə əksər hallarda əməl edilmir. Milli Məclisin deputatı Kamran Bayramov da bildirib ki, Azərbaycanda pandemiyanın ikinci dalğasının olması ehtimalı ciddi şəkildə artır.
O deyib ki, insanların kütləvi şəkildə toplaşdığı qapalı və açıq hava məkanlarında (ictimai nəqliyyat, ictimai iaşə və ticarət obyektləri, park və bulvarlar) karantin rejiminin tətbiqi ilə bağlı şərtlərə yenidən baxılmalı, əhali arasında sosial məsafə tələbi ən geniş şəkildə təbliğ olunmalı, tibbi maskalardan istifadə məcburiyyətə çevrilməli, bu qaydaların pozulmasına görə cəzalar sərtləşdirilməlidir: “Əfsuslar olsun ki, karantin rejiminin yumşaldılmasını ölkəmizdə pandemiya təhlükəsinin tam səngiməsi, bu virusdan tam qurtulması kimi qəbul edənlər var və onların sayı da az deyil.
Sosial şəbəkələrdə “koronavirus yoxdur”, “koronavirus siyasi-iqtisadi oyundur”, “koronavirus dövlətlərin vətəndaşlara qarşı repressiv tədbirlər görməsi üçün bəhanədir” kimi marazmatik açıqlamaları paylaşanlar da var. Onlar anlamırlar ki, bu cür fikir və bəyanatlar ictimaiyyətdə çaşqınlıq yaradır, aidiyyəti qurumlarımızın pandemiya ilə apardığı mübarizənin səmərəliliyinə təsir göstərir. Nəticədə bəzi insanlarımız belə yanlış fikirlərə inanaraq arxayınlaşır, sanitar-gigiyenik qaydalara məhəl qoymur, tibbi maskalardan və dezinfeksiya vasitələrindən istifadə etmirlər.
Azərbaycan hakimiyyəti, dövlət qurumları və həkimlərin müstəsna əməyi nəticəsində koronavirusa yoluxma miqyasının maksimal dərəcədə məhdudlaşdırılmasına nail olunub. Lakin ölkədə pandemiyaya yoluxmaların sayının azaldılması və vəziyyətin nəzarətdə saxlanması üçün dövlət qurumları tərəfindən mövcud qanunvericilik çərçivəsində müvafiq sərt addımların atılması olduqca zəruridir”.
Bəs görəsən, koronavirus pandemiyası ilə əlaqədar qanunvericilikdə hər hansı sərtləşmələrin olması mümkündürmü?
Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayevSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus pandemiyası davam etdiyi müddətdə insanların sosial məsafə gözləməsi, tibbi maskadan istifadə etməsi şərtdir: "Bu, qanuna salınmasa da, metodik göstərişlərdə öz əksini tapıb. Əslində insanlar vəziyyəti başa düşüb özləri tibbi maskadan istifadə etməlidirlər. Mütləq şəkildə sosial məsafəni qorumalıdırlar. Amma koronavirusa yoluxma sayının artması onu göstərir ki, karantin qaydalarında yumşalma insanları arxayınlaşdırıb.
Avtobusda, qapalı yerlərdə tibbi maskadan istifadə edənlər çox azdır. Bu mənzərə imkan verir ki, deputatın dediyi kimi, tibbi maskadan istifadə, sosial məsafənin qorunması məcburi olsun. Biz də tərəfdarıyıq ki, bu məsələ Milli Məclisdə qaldırılsın. Pandemiya dövründə tibbi maskanın istifadəsinə görə məsuliyyət müəyyənləşsin. İnsanlar anlamalıdırlar ki, tibbi maska onları hava-damcı infeksiyalarından qoruyur. Koronavirus bizi hər payız-qış mövsümündə təhdid edəcək".
C.İsayev deyir ki, koronavirusun varlığına inanmayanlar öz çevrələrini də məsuliyyətsiz davranmağa sövq edirlər: "Çox təəssüf ki, hamı koronavirusa yoluxan qohumunu, "dayısı, xalası oğlunu" axtarır. Belə insanlar fikirləşirlər ki, virus olsaydı, ətraflarında ona yoluxan qohumları olardı. Bu gün Azərbaycanda koronavirusa yoluxanların sayı 4 mini keçib. Buna rəğmən, kim bu virusun varlığına şübhə ilə yanaşırsa, mən onu əyninə kombinezon geyindirib koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanaya apara bilərəm".