MƏDƏNİYYƏT

Balabanda rok-n-roll və caz janrındakı kompozisiyaları ifa etdi, hamını şoka saldı

Musiqiçi Amin Əliyev Azərbaycan musiqi alətinin geniş imkanlarını nümayiş etdirib və orada müxtəlif janrlarda kompozisiyalar ifa edib
Sputnik

BAKI, 27 may — Sputnik, Kəmalə Əliyeva. Gənc Azərbaycan musiqiçisi Amin Əliyev balabanda rok-n-roll və caz janrındakı kompozisiyaları ifa etməklə sosial şəbəkə istifadəçilərinin heyranlığına səbəb olub.

Sputnik Azərbaycan bildirir ki, "Facebook"da bir çox insan Aminin balabanın geniş imkanlarını nümayiş etdirdiyi videonu paylaşıb.

Amin Georgi Şaroyev adına 35 saylı musiqi məktəbinin tələbəsidir. O, tez-tez müxtəlif konsertlərdə çıxış edir.

Bu dəfə gənc musiqiçi caz və rok-n-roll janrlarında kompozisiyalar hazırlamaq və qədim musiqi alətində ifa etmək qərarına gəlib. Bununla da o, balabanın bacarıqlı əllərdə nəyə qadir olduğunu əyani şəkildə nümayiş etdirərək, Azərbaycan xalq çalğı alətlərində istənilən musiqini ifa edə biləcəyini sübuta yetirib.

Sosial şəbəkə istifadəçiləri onun ifasından vəcdə gəliblər və gənc ifaçıya komplimentlər yağdırıblar.

Əliyev hazırda öz üzərində çalışmağa davam edir. O, yaxın vaxtlarda balabanda digər janrlarda olan kompozisiyaları da ifa etmək niyyətindədir.