BAKI, 26 may — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qohumunun evindən pul və qızıl-zinət əşyaları oğurlayan rayon sakini aşkar edilib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun məlumatına istinadla xəbər verir ki, Astara şəhər sakini T.Ağayev polisə müraciət edərək evindən 10 000 manat pulun və 1 160 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun zərərçəkmişin qohumu, rayonun Ərçivan qəsəbə sakini L.Əliyeva olduğu müəyyən edilib. Oğurlanmış pul və qızıl-zinət əşyaları ondan aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.