BAKI, 26 may – Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Müdafiə qabiliyyətinin gücləndirilməsi və yüksək texnologiyalı silahların yaradılması sahəsində Rusiya xarici partnyorlarından asılı deyil, bunu Rusiya Hərbi Dəniz Donanmasının maraqlarına cavab verən müasir gəmi tikintisinin keyfiyyəti və sürəti də sübut edir.
RF Müdafiə Nazirliyi və Kerç gəmi tikintisi zavodu “Zaliv” ilk iki universal desant gəmisinin (UDG) tikintisi barədə müqavilə imzalayıblar. KİV-in məlumatına görə, razılaşmanın qiyməti təxminən 100 milyard rubldur. Çox güman ki, əsas UDG-nin tikintisinə yayda başlanacaq. Onun layihəsi Zelenodolsk layihə-konstruktor bürosunda hazırlanıb.
Rusiyanın Hərbi Dəniz Donanmasında bu tip gəmi indiyədək olmayıb. Fransız “Mistral”larının rus analoqları HDD-yə Dünya okeanının uzaq rayonlarında operativ şəkildə peyda olmağa imkan verəcək. Əsas UDG donanmanın hərbi bölməsinə 2026-cı ilədək daxil olmalıdır, bundan sonra isə seriya istehsalına başlana bilər. Layihənin taleyi ümumilikdə 2027-ci ilədək Silahlanma üzrə Dövlət Proqramı ilə təyin edilir.
Rusiyanın Suriyadakı hərbi əməliyyatları 15000-25000 ton subasma qabiliyyətinə malik iri desant gəmilərinin əhəmiyyətini təsdiq etdi. Gəmi tikintisinin bu sektoruna ən yüksək səviyyədə diqqət ayrılır – Prezident Vladimir Putin 2020-ci il yanvarın 9-da Sevastopoldakı Naximov adına Qara dəniz ali hərbi dəniz məktəbinə baş çəkdi, HDD-nin inkişafına həsr olunmuş ekspozisiya və uzaq dəniz zonası UDG-nin bəzi xarakteristikaları ilə tanış oldu.
Bir müddət əvvəl RİA Novosti-nin Müdafiə Sənayesi Kompleksindəki mənbəsi bildirmişdi ki, 2020-ci ildə Kerçdə göyərtəsində 16 vertolyotu daşımaq gücünə malik iki universal desant gəmisinin tikintisinə başlanacaq. Digər məlumatlara görə, Rusiya Müdafiə Nazirliyi UDG-nin göyərtəsində 20-dən artıq ağır vertolyot yerləşdirməyi planlaşdırır, gəmilərin desant katerləri üçün dok kameraları olacaq və onlar 900-dək standart silahlanmış dəniz piyadasını döyüş nöqtəsinə çatdıra biləcək. Məlumatların müxtəlifliyi onunla izah olunur ki, bir neçə dəyərli layihə arasında qızğın rəqabət gedir, bu da ki donanmanın xeyrinədir. 2014-cü ildə Fransa tərəfi Rusiya HDD üçün “Mistral” tipli iki vertolyotdaşıyanın tikintisi üzrə müqaviləni pozduqdan sonra rusiyalı mütəxəssislər yeni layihələr qurmaqda xeyli yol qət etdilər və indi fransızları bir sıra parametrlərdə geridə qoymaq niyyətindədirlər.
Hərbi gəmi
Gəmi mürəkkəbdir. UDG-nin təyinatı hərbi vertolyotların iştirakı (gəmi aviaqrupu) ilə desant əməliyyatı zamanı dəniz yolu ilə (min mil) qoşunları və texnikanı daşıyaraq təchiz olunmamış sahilə çıxarmaqdır. Gəmi mina və tor maneələr, rəqibin sualtı gəmilərini izləmə sisteminə malik hidroakustik buylar quraşdırmaq imkanına malikdir. Texnoloji cəhətdən desantın üfüqarxası çıxarılması da mümkündür (üzən zirehli texnika dok kameradan sahil xəttindən xeyli uzaqda çıxır, üzməyən isə - sahilə desant katerləri ilə çıxarılır).
UDG-nin göyərtəsində qoşun və güc qruplaşmasının operativ qərargahını, təxminən 1000-dək desantçını, zərbə və nəqliyyat vertolyotlarını (üst tikililərin anqarlarında və göyərtənin altında), hücum və desant katerlərini (vaterxətdən yuxarıda quru dok göyərtəsində), 76 mm-lik universal artilleriya (özünümüdafiə və rəqibin desantəleyhinə obyektlərinə atəş açmaq üçün), zenit özünümüdafiə vasitələri («Панцирь-МЕ» tipli modullar), eləcə də dəniz piyadalarının zirehli texnikasını (ən azı 50 BMP (ZPM) və 10 tank), kifayət qədər sursat (bütün qruplaşmanın bir neçə sutkalıq hərbi əməliyyatlarına çatacaq qədər) yerləşdirmək gərəkdir.
İlkin olaraq ehtimal edilirdi ki, Rusiyanın UDG-sinin aviaqrupu “Mistral”dakından çox olacaq (yəni 16 vertolyotdan çox) və güclü özünümüdafiə vasitələrinə (artilleriya və HHM də daxil olmaqla) malik olacaq . Bu gəmi üçün Rusiyanın zərbə Ка-52К «Катран», gəmi əleyhinə Ка-27, hərbi-nəqliyyat Ка-29 və radiolokasiya gözətçisi Ка-31 kimi əla göyərtə vertolyotları var. Amerikanın Military Watch nəşri isə yazmışdı ki, Rusiya UDG-nin göyərtəsində şaquli uçuş qırıcıları - Як-141-in xələfləri – peyda ola bilər.
Gəmi inteqrasiya edilmiş taktiki və operativ taktiki hərbi idarəetmə sisteminə malik olmalıdır. Vəzifələrin uğurla yerinə yetirilməsi üçün UDG-nin müasir RLS-ə, naviqasiya kompleksinə, radioelektron mübarizə sistemi və sualtı diversiya qüvvələrinin aşkarlanması üçün vasitələrə də ehtiyacı var. Bütün sadalanan funksiyalar nəhəng ölçüləri və subasmanı, güclü mühərrik qurğusunu tələb edir. Krım gəmilərinin dəqiq xarakteristikaları hələ bəlli deyil, ancaq məsələn, rəqabətqabiliyyətli layihələrdən biri olan Krılov adına Dövlət Elmi Mərkəzinin «Priboy» UDG-sinin korpusunun uzunluğu 200 metr, vaterxətdə eni 34 metr, subasımı isə təxminən 23 min ton idi. ABŞ-da analoji “Amerika” tipli gəmilərin tam subasımı 45 min tondur (aviadaşıyıcılar kimi).
İstehsal bazası
Kerçin “Zaliv” zavodunun hərbi gəmi tikintisində kifayət qədər təcrübəsi var və o, “Krım Mistralı” layihəsinin dəmir variantının gerçəkləşdirilməsi üçün bütün texniki imkanlara malikdir. Quru dokun uzunluğu 360, eni 60 metrdir, UDG üçün çatar, hələ artıq da qalar. “Zaliv” 300 metr uzunluğu və 150 min ton subasımı olan gəmi tikməyə qadirdir. Bu, Avropanın lazımi avadanlığa və yüksək səviyyəli peşəkarlara malik ən nəhəng gəmi tikintisi müəssisələrindən biridir. Gəmilərin suya salınmasından sonra tikintisinin yekunlaşdırılması xüsusi kranla təchiz olunmuş iki dərinsulu körpünün üzərində həyata keçirilir. Bir müddət əvvəl Krım rəhbərliyi Kerçdəki “Zaliv” zavodunun universal desant gəmisinin tikintisi üçün hazır olduğunu təsdiq edib.
Ruriyanın Hərbi Dəniz Donanmasında böyük desant gəmilərinin (BDG) sayı da çox deyil və onlar zamanın tələbinə tam cavab vermir. Məsələn, 775 və 1171 layihələri üzrə BDG-lər 1974-1991-ci illərdə Polşanın Qdansk doklarında tikilmişdi. Sözsüz ki, HDD-nin bu sahəsində texnoloji inqilab gözlənilir - Rusiyanın 2027-ci ilədək Silahlanma üzrə Dövlət Proqramına 19 trilyon rubl ayrılması gözlənilir, müasir okean HDD-nin tikilməsi isə Rusiya Federasiyasının müdafiə qabiliyyətinin inkişafının əsas istiqamətlərindən biridir.