CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hamı onları digər Kəlbəcərdə gözləyirdi, onlar isə başqa "Kəlbəcər"də ələ keçdilər

Obyektdə olan ümumilikdə 32 nəfər saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətiriliblər.
Sputnik

BAKI, 25 may — Sputnik. Paytaxtda sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq müştərilərə saat 18:00-dan sonra da yerində xidmət göstərən daha bir restoranın fəaliyyəti polislər tərəfindən aşkar edilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Tədbir zamanı Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Məmmədəli Hacıyevə məxsus "Kəlbəcər" restoranının müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib. Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi və müştərilən qəbul edildiyi məlum olub. Restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib. Obyektdə olan ümumilikdə 32 nəfər saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətiriliblər.

Bölmədə həmin şəxslərlə Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə sanitar-karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb. Həmçinin bölmədə həmin şəxslər polislər tərəfindən tibbi maskalarla da təmin ediliblər. Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada ciddi cərimə ediliblər. Həmin şəxslərin diqqətinə çatdırılıb ki, növbəti dəfə sanitar-karantin qaydalarını pozduqları təqdirdə onlar barəsində inzibati qaydada həbs qərarı verilməsi üçün barələrində toplanan materiallar məhkəməyə göndəriləcək.