CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Paşinyan islam dininə hörmət etsəydi..."

"Ermənistan rəhbərliyi islam dünyası və müsəlman əhalisinə sözdə hörmətini, saxta müraciətləri ilə deyil, elə həmin müsəlman ölkələrin qəbul etdiyi qətnamələrin tələblərini yerinə yetirməklə nümayiş etdirməlidir"
Sputnik

BAKI, 24 may — Sputnik. "Ermənistanda yaşayan yüz minlərlə müsəlman əhalini əzəli torpaqlarından məcburi sürgün edən, Azərbaycanın torpaqlarını işğal edib bu ərazidəki müsəlman azərbaycanlı əhalini etnik təmizləməyə məruz qoyan, müsəlman mülki əhaliyə qarşı Xocalı qətlimı kimi insanlıq əleyhinə cinayətlər işləyən, işğal etdiyi torpaqlardakı İslam dini abidələrini, ibadət yerlərini talan və təhqir edən bir ölkənin rəhbərinin müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin rəhərlərinə təbrik ünvanlaması təcavüzkar Ermənistanın rəhbərinin islam dininə qarşı nümayiş etdirdiyi riyakarlığın ən yüksək səviyyəsidir".

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Baş naziri Nikol Paşinyanın Ramazan bayramı münasibətilə bəzi müsəlman ölkələrinin rəhbərlərinə təbrik ünvanlamasına dair KİV-in sualını cavablandırarkən deyib.

"Ermənistan Baş naziri həqiqətən də İslam dininə və dəyərlərinə hörmət nümayiş etdirsəydi, ilk növbədə fundamental hüquqları pozulmuş, öz evlərindən didərgin salınmış yüz minlərlə müsəlman azərbaycanlının haqlarının bərpa olunması istiqamətində addım atardı. N.Paşinyanın nümayiş etdirdiyi təxribatçı fəaliyyəti isə onun bu yanaşmadan tam uzaq olduğunu göstərir.

Ermənistan Baş nazirinin təbrik ünvanladığı ölkələrin hər il, ardıcıl olaraq İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə qəbul etdiyi qətnamələri işğalçı ölkəyə xatırladırıq. Ermənistan rəhbərliyi İslam dünyası və müsəlman əhalisinə sözdə hörmətini, saxta müraciətləri ilə deyil, elə həmin müsəlman ölkələrin qəbul etdiyi qətnamələrin tələblərini yerinə yetirməklə nümayiş etdirməlidir", - deyə L.Abdullayeva vurğulayıb.