BAKI, 24 may — Sputnik. Qırğızıstanla Tacikistan sərhədində vəziyyət yenə gərginləşib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, sərhədçilər bir-birlərinə atəş açıblar.
Bu il mayın 8-də oxşar insident olmuşdu. O zaman Qırğızıstanın üç, Tacikistanın isə iki sərhədçisi yaralanmışdı.
Qırğızıstan tərəfinin məlumatına görə, bu gün Batken vilayətinin eyniadlı rayonunun Moynok yaşayış məntəqəsi ərazisində hərbçilər taciklərin “Vorux” anklavının sakinlərinin mal otarmaq cəhdinin qarşısını alıblar.
“Tacik tərəfdən naməlum adamlar Qırğızıstan sərhədçilərinə atəş açdılar. Sonra isə təxminən 11.40-da Qırğızıstan və Tacikistan sərhədçiləri arasında qısa atışma baş verdi”, - Qırğızıstan Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatında deyilir.
Xidmət rəhbərinin sözlərinə görə, qırğız sərhədçilər arasında xəsarət alan yoxdur. Sərhəd qurumlarının nümayəndələri fakt üzrə danışıqlara başlayıblar. “Qırğızıstan-Tacikistan sərhədinin adıçəkilən məntəqəsində hazırda vəziyyət nisbətən sabitdir”, - Qırğızıstan Sərhəd Xidmətindən bildirilib.
İki Orta Asiya dövləti arasındakı sərhəddə müntəzəm olaraq yerli sakinlər və sərhədçilər münaqişə yaradırlar. Əsas səbəb isə delimitasiya aparılmayan ərazilərdir: orada sərhədi dəqiq ayırmaq çox çətindir. Sərhədin ümumi uzunluğu 980 kimlometr, bunun 450-si isə nə delimitasiya olunub, nə də nişanlanıb.