İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 23 may — Sputnik. Mayın 23-də ekoloqlar günüdür. Sputnik Azərbaycan ekoloqların peşə bayramı ilə bağlı Hidrometeoroloji Proqnozlar Bürosunun işi ilə tanış olub.
Qeyd edək ki, dövlət investisiyası hesabına bu il Azərbaycanda 2 radar sistemi Şamaxı və Göygöldə quraşdırılıb (bu radarların quraşdırılması relyefin mürəkkəbliyi və əlverişsiz hava şəraiti ilə əlaqədar bir çox çətinliklərlə müşayiət olunurdu). 2030-cu ilədək daha 3 müasir radar sisteminin ölkəmizdə quraşdırılması nəzərdə tutulur ki, bu da bütün ölkə ərazisində təhlükəli hava hadisələri ilə bağlı erkən xəbərdarlıq sisteminin əsas həlqəsini təşkil edən radiometeoroloji müşahidələrin aparılmasını tam əhatə edəcək.
Yaxın zamanlara qədər buludlar üzərində müşahidələr ötən əsrin 70-ci illərinin istehsalı olan, mənəvi və texniki cəhətdən köhnəlmiş meteoroloji radiolokatorlar vasitəsi ilə həyata keçirilirdi.
Bu gün bütün dünyada hidrometeoroloji xidmətin əhəmiyyətini və vacibliyini daha çox anlamağa başlayıblar. Bəlkə də görülən işlərin nəticəsidir ki, son zamanlar verilən proqnozların özünü doğrultma faizi artıb. Büronun direktoru Gülşad Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu, hazırda 92-96 faiz təşkil edir.
Proqnozların tərtibatında bir nəfərin deyil, böyük bir kollektivin əməyi var. Proqnozlar Bürosu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin operativ bölməsidir. Burada növbəli iş rejimi gedir: "Gecə və gündüz növbələrində 8 dəfə üç saatdan bir məlumatlar alınır. 70-ə yaxın avtomatlaşdırılmış meteostansiya fəaliyyətdədir. Burada məlumatlar 10 dəqiqədən bir yenilənir. Proqnozların tərtibatında bir neçə texnologiyadan istifadə olunur. 2004-cü ildə Proqnoz və xəbərdarlıqların keyfiyyətinin artırılması məqsədilə "TÜRKMETCAP" proqramı tətbiq edilib. VSAT-Peyk Məlumat Mübadiləsi Sistemi, 2009-cu ildə EYMETSAT peyk sistemi quraşdırılıb.
Proqnozlar gündəlik tərtib olunaraq əlaqədar təşkilatlara çatdırılır. G.Məmmədova vurğulayıb ki, Azərbaycan Respublikasının 7 ilqim bölgəsi üzrə və Xəzər dənizinin 6 akvatoriyası üzrə, sutkalıq, iki sutkalıq, həftəlik, on günlük proqnozlar və aylıq icmal hazırlanır.
"Hava şəraitində hər-hansı bir dəyişiklik olarsa, biz bu barədə 2-3 gün öncədən xəbərdarlıq hazırlayırıq.
Qeyd etdiyimiz kimi, Xəzər dənizi akvatoriyasında da proqnozlar hazırlanır. Məsələn, güclü külək olacağı barədə məlumatlar formalaşdırılır və aidiyyatı qurumlara göndərilir", - deyə o bildirib.
Həmsöhbətimiz əlavə edib ki, respublika üzrə elə bir sahə yoxdur ki, orada proqnozlardan istifadə edilməsin. Xəbərdarlıqların vaxtında lazımi təşkilatlara verilməsi baş verə biləcək hər-hansı bir təhlükənin qarşısının alınmasında mühüm rol oynayır: "Kənd Təsərrüfatı sahəsində, Xəzər dənizi akvatoriyasında, hava nəqliyyatında və ümumiyyətlə bir çox sahələrdə hava şəraiti mühüm rol oynayır. Bu, məsuliyyətli və maraqlı bir işdir. Bu, böyük bir kollektivin işidir".
G.Məmmədova qeyd edib ki, həftənin 5 günü gündəlik hidrometeoroloji bülleten hazırlanır. Burada sutkalıq və iki sutkalıq, ötən sutka ərzində müşahidə olunan hava şəraiti, çaylardakı vəziyyət, Xəzər dənizi üzərində gözlənilən proqnoz və s. yer alır.
Direktor əlavə edib ki, gənc nəslin bu sahəyə güclü marağı və böyük axını var: "Bizdə kurslar, treninqlər təşkil edilir. Tələbələr, məktəb uşaqları belə bu sahəyə çox maraq göstərirlər. Onlara maraqlıdır ki, hava proqnozu necə təyin edilir. Ümumiyyətlə, hava proqnozu tərtib edilərkən qonşu ölkələrdəki hava şəraiti də bizim diqqətimizdə olur. Çünki oradakı hava şəraitinin bizə necə təsir göstərəcəyi də maraqlıdır".
Onun sözlərinə görə, proqnozlar hazırlanarkən bəzi kriteriyalar nəzərə alınır. Küləyin gücündən asılı olaraq xəbərdarlıqlar təhlükəli, ifrat təhlükəli ola bilər: "Xəzər dənizində çalışan neftçilərimiz var. Onlar hava şəraitinin kəskin olduğu barədə məlumatlı olmalıdırlar. Biz güclü külək barədə əhaliyə xəbərdarlıq edirik ki, bədbəxt hadisələrdən özlərini qoruya bilsinlər. Biz belə məlumatları verməklə mümkün olan təhlükələrin qarşısını almış oluruq".
Xatırladaq ki, bu günə qədər neftçilərin əməyini və gəmilərin hərəkətinin hidrometeoroloji təhlükəsizliyini təmin edən, ən müasir avadanlıqlarla təchiz edilmiş 4 dəniz hidrometeoroloji stansiyası avtomatlaşdırılıb. Yaxın gələcəkdə Xəzər üçün regional xüsusiyyətləri nəzərə alan lokal proqnozlaşdırma modelinin tətbiq edilməsi planlaşdırılır ki, bunun nəticəsində də bizim insanları dalğaların hündürlüyü və küləyin sürəti barədə daha dəqiq tərtib edilmiş 7 günlük proqnozlarla təmin etmək mümkün olacaq.