BAKI, 23 may — Sputnik. "Almaniya Federativ Respublikası qondarma “Arsax Respublikası”nı tanımır. Müvafiq olaraq, bu qondarma qurumun nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndələri mövcuddur, nə də qəbul edilmiş nümayəndəliyi".
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Almaniyanın Xarici İşlər Nazirliyi bunu Azərbaycan tərəfinin rəsmi sorğusuna cavabında bəyan edib.
“AFR Cinayət Məcəlləsinin 132-ci paraqrafına əsasən, xarici titullardan, yaxud da vəzifə və xidməti rütbələrdən, o cümlədən bu cür adlarla qarışdırıla bilən adlardan istifadə cinayət hesab edilir. Buraya həmçinin o adlar da aid edilir ki, istifadə edən şəxs onların köməyi ilə mövcud olmayan ölkənin vəzifəli şəxsi görünüşünü yaradır”.
Beləliklə, rəsmi Berlin qondarma “Arsax Respublikası”nın AFR-dəki daimi nümayəndəliyi”nin qanunsuz fəaliyyəti barədə açıq-aşkar bəyan edib.
AFR-in bu bəyanatını sərbəst interpretasiya etmək cəhdlərinə yol verilməməsi məqsədilə bu ölkənin Xarici İşlər Nazirliyi bu dəfə artıq şəxsən Arutyun Qriqoryana – Almaniyada az qala “Arsaxın AFR-dəki səfiri” kimi təqdim olunan fırıldaqçıya aid aşağıdakı izahı əlavə edib.
Ölkənin xarici siyasət idarəsinin sənədində bildirilir: “Bununla bağlı AFR XİN cənab Qriqoryandan Dağlıq Qarabağın beynəlxalq-hüquqi subyektliyinin hər hansı görünüşünün və onunla bağlı diplomatik və konsulluq nümayəndəliyinin yaradılmasını dərhal dayandırmağı yazılı şəkildə tələb edib. Tələb yerinə yetirilməyəcəyi təqdirdə hüquqi tədbirlər görüləcəyi nəzərə çatdırılıb”.