BAKI, 22 may - Sputnik. Bu gün Sumqayıtda zibillikdən qumbara tapılıb.
Sputnik Azərbaycan-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildirilib ki, agentliyə Sumqayıt şəhəri, Sarıqaya bağlar sahəsi, Çinarlı küçəsində məişət tullantıları ərazisində 4 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Qurumun xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının (STTYS) əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.
Təhlükəsizliyi təmin etmək məqsədilə polislər ərazini mühasirəyə alıblar. Agentliyin mütəxəssisləri 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı və 37 ədəd 5.45 mm-lik patronlar aşkar ediblər. Bunlar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Hərbi təyinatlı əşyaların ətrafında 300 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 22 may 2020-ci il tarixlərində 125 siqnal (əməliyyat çağırışı) əsasında 111 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 338 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə mina, 16 ədəd tank əleyhinə mina və 6 569 ədəd müxtəlif çaplı patron zərərsizləşdirilmiş, 56 405 kv.m ərazi yerüstü və 7 351 kv.m ərazi yeraltı yoxlanılmışdır.