Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 20 may — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) turizm və otelçilik sektorunda koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair hazırladığı metodiki göstərişlərinə görə, otellərdə və turizm müəssisələrində COVID-19-a yoluxma halları olmadıqda belə, gigiyena qaydalarının tətbiqinin genişləndirilməsi tövsiyə olunur. Təmizlik heyəti müvafiq qaydada təlimatlandırılmalıdır.
Hər müəssisənin təmizləmə və dezinfeksiya planı tərtib olunmalıdır. Qonaqlar və personal sırasından COVID-19-a yoluxma şübhəsi ilə xəstəxanaya təxliyə edilən şəxsin yaşayış zonası həmin plana uyğun təmizlənməli və dezinfeksiya edilməlidir. Qaydalara əsasən təmizlik personalı müvafiq fərdi qoruyucu vasitələrdən istifadə etməlidir.
Metodiki göstərişlərdə qeyd olunub ki, xəstənin otağının təmizlənməsi zamanı əlcəklər və tibbi maska istifadə edilməlidir. İstifadə edilən paltar, döşək üzləri, yataq örtükləri dəsmalları və s. camaşırlar birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, ağzı sıx bağlanan, polietilen paketlərə yerləşdirilməlidir. Şübhəli şəxsin istifadə etdiyi paltar, dəsmal, yataq örtüyü kimi tekstil məhsulları 60-90°C- də yuyucu toz ilə yuyulmalıdır.
Həmçinin bildirilib ki, birdəfəlik əşyalar qapaqlı konteynerə yerləşdirilməli və tibbi tullantıların idarə edilməsi qaydalarına uyğun utilizasiya olunmalıdır.
Bütün otaq və ictimai ərazilər gündəlik havalandırılmalı, əməkdaşlar əlcəklər, birdəfəlik xalatlar, qapalı ayaqqabı, sipərlik, dezinfeksiya edici məhlullar ilə də təmin olunmalıdırlar.
Göründüyü kimi, tələblər xeyli xərc tələb edir. Maraqlıdır, belə olan halda otellər çəkdiyi xərci nəyin hesabına kompensasiya edəcək? Müştərilərin xərcləri artacaqmı?
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında bu və digər suallar ətrafında danışıb: "Səhman proqramı sanitariya - gigiyena qaydaları və normalarıdır. Bu proqram Dövlət Turizm Agentliyi tərəfindən işlənilib və burada turizm nəqliyyatı üçün də metodik göstərişlər yer alıb. Amma nədənsə, tur agentlərə dair metodik göstərişləri burada görə bilmədik. Əlbəttə, burada bələdçilər də nəzərə alınmalı, onlar üçün də qaydalar hazırlanmalıdır".
"Otelçilik və turizmlə məşğul olan şəxslər tərəfindən çoxsaylı suallar verilir ki, tətbiq olunacaq qaydalar onların xərclərini artıracaq, ya yox. Bəli, ola bilsin ki, bu qaydalar xərcləri artırsın. Qaydalarda göstərilir ki, qonaqlar istədikləri zaman oteldə maska, əlcəklə təmin olunmalıdırlar. Deməli oteldə əlavə olaraq maska, əlcək, qoruyucu və dezinfeksiya edən vasitə və məhlullar əldə etməli və ehtiyatda saxlanmalıdır. Ola bilər ki, xərclər cüzi də olsa artsın, lakin bu biznesə o qədər də böyük təsir etməyəcək. Ümid edək ki, pandemiyanın yaratdığı bu vəziyyət ən geci payızadək düzələr və bu qaydalar ləğv olunar", - deyə S.Dübəndi əlavə edib.
Ekspert bildirir ki, bu qaydalar müxtəlif normativ qaydalar, standartlar əsasında hazırlanıb: "Bu standart və qaydalar qida təhlükəsizliyi, sanitariya və epidemiya qaydalarına aiddir. Bu gün tövsiyə olunan tələblər bizim qanunvericiliyimizdə də olub. Bu nüanslar beynəlxalq standartlarda da əksini tapıb. Sadəcə olaraq bu tələblərə bir qədər də diqqət artırılıb. Bir şeyi də qeyd etmək istəyərəm. Məndə belə bir təəssürat yaranıb ki, ictimai iaşə və otelçilik üzrə mütəxəssisləri bu qaydalar, proqramların tərtibinə dəvət etmirlər. Məncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Tibbi Ərazi Birləşmələrinin İdarəsi Birliyi bu kimi proqramları sırf bu sahədə çalışan mütəxəssislərlə bərabər hazırlamalıdırlar".
"Əsas hər şey Nazirlər Kabinetinin qərarından asılıdır. Bu qaydaların könüllü, yoxsa icbari olacağı da hələlik bəlli deyil", - deyə S.Dübəndi əlavə edib.