BAKI, 20 may — Sputnik. Azərbaycanda koronavirusdan vəfat edənlərə pul təklif edilməsi ilə səslənən iddialara rəsmi münasibət bildirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada qonaq olarkən deyib ki, bu iddialar absurddur:
V. Əliyev koronavirusun varlığına şübhə ilə yanaşanların, bu virusa inanmayanların da olduğunu qeyd edib. O, bildirib ki, bu, təkcə bizdə belə deyil: "Bütün dünyada belədir ki, koronavirusa inanmayanların sayı inananlardan çoxdur. Hamı deyir ki, heç yaxın qohumda, qonşuda COVID-19-a yoluxan görmədik. Bəzi insanlar var ki, koronavirus xəstəliyindən müalicə alsalar belə, bunu heç yaxınlarına da demirlər. Bu bizim mentalitetimizlə də bağlıdır. Sanki koronavirusa yoluxmaq bir ayıbdır. Koronavirus yuxarı tənəffüs yolu infeksiyasıdır. Hansı ki, sonradan pnevmoniyaya da səbəb olur. Hamının yoluxma ehtimalı var və heç kim bundan sığortalanmayıb. Yəqin ki, insanlar ətrafında olan şəxslərdən birinin koronavirusa yoluxmasından sonra buna daha çox inanacaqlar. Amma onda da gec olacaq. Bu, təkcə Azərbaycana xas olan deyil, dünyəvi problemdir. Biz koronavirusa yoluxan insanların hansı vəziyyətdə olduğunu görürük. Təbii ki, yüngül formada keçirənlər daha çoxdur. Ancaq orta ağır və ağır formada keçirənlərin də sayı xeylidir. Buna inanmaq lazımdır".