RUSİYA

Bakılı qız Rusiya telekanalının realiti-şousunun finalına yüksəldi

Bakıda doğulub-böyüyən və hazırda Sankt-Peterburqda yaşayıb-işləyən Veronika Borisova TNT kanalında yayımlanan "Soldatki" realiti-şousunun 12 iştirakçısından biri olub.
Sputnik

BAKI, 20 may — Sputnik, Kəmalə Əliyeva. Bakıdan olan rusiyalı müğənni Veronika Borisova Rusiya Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən "Soldatki" (Əsgər qızlar) layihəsinin finalına vəsiqə qazanıb.

Layihə, hərbi xidmətə girən qızlar haqqında realiti-şou serialıdır. Hər bir seriyanın fabulası ayrı-ayrılıqda götürülmüş qəhrəmanların ətrafında qurulur ki, tamaşaçı qızların necə dəyişdiyini, bir çox məhdudiyyətlərə, fiziki yüklənməyə, məşğələlərə necə reaksiya verdiklərini görsün. İştirakçılara atıcı silahlarla, qumbaraatanlarla işləmək, ZTR-ni idarə etmək və döyüş qumbaralarını atmaq üzrə təlimlər keçirilir.

Layihədə müxtəlif ölkələrdən 12 qız iştirak edib. Veronika Borisova Darya Razumovskaya (Qazaxıstan), Yelizaveta Sergeyeva, Anastasiya Zaytseva (Rusiya) ilə birlikdə finala qədər gəlib. Layihənin finalı mayın 31-də TNT telekanalında keçiriləcək. Qalib mükafat olaraq qiymətli daşlarla bəzədilmiş orden alacaq.

Veronika Borisovna 1993-cü ildə Bakıda anadan olub. Hazırda Sankt-Peterburqda yaşayır və işləyir. Erkən yaşlarından musiqi və vokalla məşğul olub. O, Safonov adına Musiqi Kollecini "Xor dirijorluğu" və "Vokal sənəti" ixtisasları üzrə bitirib. Hazırda Obraztsova adına Musiqi Akademiyasında təhsil alır. Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş "Qələbə çələngi" vokal müsabiqəsinin münsiflər heyətinin üzvü olub. 2020-ci ildə TNT kanalında yayımlanan "Soldatki" realiti-şousunun 12 iştirakçısından biri olub. Şöhrət qazanmaq və məşhur olmaq onun xəyalları sırasındadır.