İQTİSADİYYAT

Bağlana-bağlana gedirlər - Bəs hansına etibar edək?

Ekspert: "Əgər bankın maliyyə hesabatına da etibar yoxdursa, onda daha çox sistem əhəmiyyətli banklar etibarlıdır. Hətta sahibkar Mərkəzi Banka da müraciət edə bilər ki, sistem əhəmiyyətli banklar hansıdır"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 may — Sputnik. Son günlər Azərbaycanda 4 bankın müflis elan edilərək lisenziyalarının ləğv edilməsi və bağlanması digər banklarda vəsaitləri olan şəxslərdə narahatlıq yaradıb. Onlar pulunu bankda yoxsa evdə saxlamaq seçimi qarşısında qalıblar. Bəs, bankda vəsait yerləşdirmək istəyən şəxs etibarlı bankı necə müəyyən edə bilər?

Mərkəzi Bank daha bir radikal addım atdı

Qeyd edək ki, Mərkəzi Bankın 28 aprel 2020-ci il tarixli qərarı ilə "Atabank" ASC-nin və "Amrahbank" ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib. Mərkəzi Bank tərəfindən 12 may 2020-ci il tarixindən etibarən "AGBank" ASC-nin və "NBCBank" ASC-nin lisenziyaları ləğv edilib.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, vətəndaşların əmanət yerləşdirməyə görə hansı bankı seçməsinin elə də böyük əhəmiyyəti yoxdur: "Çünki ölkəmizdə 4 dekabra qədər əmanətlərin tam sığortalanması sistemi var. Vətəndaşlar üçün 26 bankın hansına əmanət qoymasında fərq yoxdur. Hətta bank bağlansa da Əmanətlərin Sığortalanması Fondu vətəndaşlara əmanətləri tam qaytaracaq. 4 dekabrdan sonra isə əmanətlərin sığortalanması 30 min manat həddində olacaq. Tövsiyə edirəm ki, əgər vətəndaş banka etibar etmirsə, onda hər bir bankda bir nəfərin adına 30 min manatdan çox əmanət qoymasın, yəni əmanəti bölüşdürsün. Vətəndaşlar hansı bankın etibarlı olduğunu bilmədiyi üçün elə əmanətlərin sığortalanması sistemi var".

Sahibkarların etibarlı bankı seçmək məsələsinə gəlincə, ekspert bildirib ki, sahibkarların pulu bankda bata bilər və ona görə də onlar etibarlı bankı müəyyən etməlidirlər: "Buna görə sahibkara maliyyə və hüquqi məsələlər üzrə ekspertlər lazımdır ki, onlar ilk növbədə bankın maliyyə hesabatlarına baxsın, bank haqqında informasiya toplansınlar. Və ondan sonra sahibkarın bank ilə işləyib-işləməmək barədə qərar verilə bilər. Amma bankların maliyyə hesabatlarını təhrif etməsi də istisna deyil. Əgər bankın maliyyə hesabatına da etibar yoxdursa, onda daha çox sistem əhəmiyyətli banklar etibarlıdır. Sistem əhəmiyyətli banklar deyəndə ən böyük banklar, iri banklar nəzərdə tutulur və dövlət onların bağlanmasına imkan vermir. Çünki onların bağlanması bütün bank sistemi üçün problemdir. Yəni sahibkarlar aktivlərinə, kapitallarına görə ən iri banklara üstünlük verə bilərlər. Mərkəzi Bank hər ilin 1 mart tarixinədək sistem əhəmiyyətli bankları müəyyən etməlidir. Hətta sahibkar Mərkəzi Banka da müraciət edə bilər ki, sistem əhəmiyyətli banklar hansıdır".

Bağlanan banklardakı əmanətlərin taleyi - 3 milyon AZN əmanət qorunmur

"Banklar ildə bir dəfə audit rəyindən keçmiş maliyyə hesabatlarını, o cümlədən rüblük hesabatlarını dərc etməlidir"-deyə ekspert əlavə edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli isə Sputnik Azərbaycan-a deyib ki, dünyada reytinq şirkətləri bankların maliyyə dayanıqlığını ölçür və reytinq müəyyən edir: "Üstünlük beynəlxalq reytinq şirkətləri tərəfindən qiymətləndirilən banklara verilməlidir. Ən iri banklar məsələn, "Kapital Bank", "PAŞA Bank" çox dayanıqlıdır. Digər tərəfdən, bizdə müstəqil reytinq təşkilatı olmalıdır ki, bankları təhlil etsin, qiymətləndirsin və sahibkarlar buna istinad edə bilsinlər. Məsələn, Rusiyada yerli reytinq təşkilatları geniş vüsət alıb. Artıq bizdə də bu olmalıdır".

"Amma bu gün daha yaxşı olar ki, sahibkarlar səhm bazarına müraciət etsinlər, səhm alsınlar"-deyə o əlavə edib.

Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib ki, Mərkəzi Bank hələ ki, bank sektorunda tam yoxlama aparmayıb: "Sektorda yalnız ilkin yoxlama aparılıb. İlkin nəticələr göstərdi ki, yalnız məlum 4 bankda problemlər var. Əgər digər banklarda problemlər olsa idi, onlar ilk yoxlama zamanı üzə çıxardı. Onu da deyim ki, hazırda bankların saytlarında olan hesabatlara müəyyən qədər inanmaq olar".

O bildirib ki, banklarla yanaşı kənar audit şirkətləri də bankların maliyyə vəziyyətlərini təhrif ediblər. Baş bankir qeyd edib ki, bununla kəskin mübarizə aparacaqlar: "Təşkilatın maliyyə vəziyyəti olduğundan yaxşı göstərilməməlidir. Biznes və əhali düzgün maliyyə göstəricilərinə baxıb bankı seçməlidir".

Onu da bildirək ki, lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir. Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq.