CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı ikinci "azadlığ"ının ilk günündə - REPORTAJ

"Biz inanmırıq ki, müştəri sayı çox olsun. Yəqin ki, gün ərzində 15-20 müştəri olar. Onları da ayrı-ayrı masalarda əyləşdirərik"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. Artıq bu gündən etibarən bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb. Həmçinin restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında qəlyan avadanlıqlarından istifadə istisna olmaqla müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunub. Amma restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır. Bəs görəsən, parklarda, restoranlarda bu qaydalara necə əməl olunur?

Sputnik Azərbaycan paytaxtda yerləşən parklarda, restoran və kafelərdə sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə necə əməl olunduğunu araşdırıb.

Bakı ikinci "azadlığ"ının ilk günündə - REPORTAJ

Səhər saatları olmasına baxmayaraq artıq parklarda dincələnlərə rast gəlinirdi. Parkların açılmasından ən çox məmnun görünən isə uşaqlar idi. Bakıda yeni salınan "Central park"da qələbəlik olmasa da, istirahət edənlər də az deyildi. Amma parkın mühafizəçiləri ərazidə nəzarət edildiyini söylədilər. Nəzarətçilər Sputnik Azərbaycan-a bildiriblər ki, onlara verilən təlimata görə, 10 nəfərdən artıq toplaşmağa icazə verilməyəcək. Nəzarətçilər ötən şənbə günündən parkda dezinfeksiya işləri aparıldığını, vətəndaşların istirahətinə şərait yaradıldığını qeyd etdilər. Paytaxtdakı digər parklarda isə nəzarətçilərə rast gəlmədik. Bununla belə dincələnlərin sayı da elə çox deyildi.

Bu gündən Dənizkənarı Milli Parka girişə məhdudiyyət də aradan qaldırılıb. Bulvarda hazırlıq işləri hələ davam edirdi.

Bakı ikinci "azadlığ"ının ilk günündə - REPORTAJ

Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı Sputnik Azərbaycan-a bildirdi ki, artıq Dənizkənarı Milli Parka giriş sərbəsdir: "Ancaq təbii ki, Operativ Qərargahın tələblərinə əməl etmək şərtilə. İnsanlar ərazidə gəzərkən 1,5 metrlik məsafəni qorumalıdırlar. Ərzidə 10 nəfərdən artıq olmamaq şərti ilə gəzmək mümkündür. Ərazidəki kafe və restoranlar Operativ Qərargahın təlimatına uyğun fəaliyyət göstərəcək – səhər saat 08:00-dan axşam 18:00-dək. İaşə müəssisələri müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun fəaliyyət göstərəcək. Dənizkənarı Bulvar İdarəsi bu məsələləri xüsusi nəzarətdə saxlayacaq. Parkinqlər - maşın dayanacaqları da bu gündən fəaliyyətini bərpa edir. Gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğuları isə fəaliyyət göstərməyəcək. Onların fəaliyyətinə qoyulan məhdudiyyət hələ ki, aradan qaldırılmayıb. Ərazidə Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti və Azərbaycan polisi xüsusi nəzarət həyata keçirəcək. Bulvarda yenə də xəbərdarlıq nişanları, məlumatlandırıcı lövhələr olacaq. Və yenə də mütəmadi dezinfeksiya işləri aparılacaq. Bir sözlə, Bakı Bulvarı sakinlərin səmərəli istirahətini təmin etməyə hazırdır. Ancaq vətəndaşlar da üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Fürsətdən istifadə edərək xahiş edirik ki, Operativ Qərargahın təlimatlarına əməl etsinlər".

Bakı ikinci "azadlığ"ının ilk günündə - REPORTAJ

Restoranların fəaliyyətinə bu gündən icazə verilsə də, apardığımız müşahidələr zamanı kafe və restoranların əksər hissəsinin qapısının hələ bağlı olduğunu gördük. Fəaliyyətə başlayanlarda isə tək-tək müştərilərə rast gəlinirdi. Amma qapısını müştərilərin üzünə açan restoranların əksəriyyətində koronavirus infeksiyasının profilaktikası məqsədilə xüsusi tədbirlərə rast gəlmədik. "Böyükfırat" restoranında stol və stullar əvvəlki qaydada düzülmüşdü. Restoranın məsul şəxsi bildirdi ki, onlara rəhbərlikdən stollar arası məsafə ilə bağlı tapşırıq verilməyib. Baş çəkdiyimiz digər kafelərdə də eyni vəziyyəti müşahidə etdik. Kafe və restoranların əksəriyyətində bağlandıqdan sonra dezinfeksiya işləri aparıldığını söyləsələr də, bunu təsdiq edən sənəd təqdim edən olmadı. "Ləzzət" kafesinin administratoru bildirdi ki, ilk gün olduğundan, hələ ki müştəri yoxdur: "Biz inanmırıq ki, müştəri sayı çox olsun. Yəqin ki, gün ərzində 15-20 müştəri olar. Onları da ayrı-ayrı masalarda əyləşdirərik". "Şeraton" kafedə isə masalar iki metr məsafə ilə düzülmüşdü. Kafenin Elçin adlı administratoru bildirdi ki, kafe fəaliyyətə başlamazdan öncə dezinfeksiya olunub: "Biz divarları da yumuşuq. Bütün qablar xlorlu suda dezinfeksiya edilib. Hər masaya ayrıca dezinfeksiyaedici məhlul qoyulub. Bütün tələblərə əməl etmişik. Amma səhər açılandan bir müştəri belə yaxınlaşmayıb".

Qeyd edək ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər əsasında qaydalar hazırlayıb. Qaydalara görə, yemək hazırlanarkən bişirilmə temperaturuna riayət edilməli, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılmalıdır. Müəssisə birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməlidir. Mətbəxdə, heyət otaqlarında sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır. Qida qəbulu zallarında ara məsafəsi eyni masa arxasında 1 metrdən az, masalar arası məsafələr 2 metrdən az olmamalıdır.

Məlumat üçün bildirək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanından Operativ Qərargahın mayın 15-də verdiyi qərar bu gündən qüvvəyə minib.

İlk "yumşalma" isə mayın 4-də həyata keçirilmişdi.