Azərbaycan ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tətbiq edilən və 2 ay davam edən karantin rejimi sona çatmaqdadır. Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 18-dən etibarən Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Abşeronda SMS icazə sistemini, icaze.e-gov.az saytında qeydə alınmanı, xidməti arayışın verilməsini ləğv edib. Bundan əlavə, parklara və bulvara giriş bərpa edilib. Kafe və restoranlar səhər saat 8-dən axşam saat 6-ya kimi işləyirlər. 65 yaşdan yuxarı insanların çölə çıxmaq qadağası da götürülüb.
İnsanlar karantinin yumşaldılmasını sevinclə qarsalayıblar. Əsas küçələr və parklar, eləcə də kafelər ilk gündən etibarən insanlarla dolub. Amma epidemiyanın sona çatdığını söyləmək çox tezdir. Buna görə də, insanlara maska taxmaq, sosial məsafəni gözləmək və 10 nəfərdən çox yığışmamaq məsləhət görülür.