Baytar məntəqələri tarixə qovuşur – Hər heyvanın öz “həkimi” olacaq, özü də müqavilə ilə

Ekspert özəl baytarlıq xidmətlərinin həyata keçirilməsini müsbət qiymətləndirib: "Amma bu iş elə qurulmalıdır ki, fermerlər əlçatan qiymətlərlə bu xidmətlərdən yararlana bilsinlər və zəruri preparatları əldə edə bilsinlər"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. Bir müddət öncə dövlət başçısı "Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərman imzalayıb.

Fermerlər çıxılmaz vəziyyətdə - Bu bölgədə heyvandarlığın inkişafı sual altındadır

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, fərmana əsasən bundan sonra xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətləri Aqrar Xidmətlər Agentliyi ilə özəl baytarlıq xidmətlərini həyata keçirən hüquqi və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər arasında müqavilə bağlanması yolu ilə həyata keçiriləcək. Mövcud olan 798 sahə baytarlıq məntəqəsinin 2022-ci ilin sonunadək ləğv edilməsi, eyni zamanda bu sahədə çalışan baytar həkimləri və feldşerlərlə xidməti müqavilələrin bağlanması nəzərdə tutulur.

Qeyd edək ki, fərmanın məqsədi heyvan sağlamlığı sahəsində xidmətlərin təkmilləşdirilməsi və ölkədə özəl baytarlıq xidməti müəssisələri vasitəsilə baytarlıq xidmətləri göstərilməsinə mərhələli keçidin təşkilidir. Sahə baytarlıq məntəqələrinin inzibati binaları və digər dövlət əmlakı Aqrar Xidmətlər Agentliyi ilə müqavilə bağlayan baytarlıq subyektlərinə icarəyə veriləcək.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı Sputnik Azərbaycan-a açıqlamasında sahə baytarlıq məntəqələrinin ləğv edilməsindən, özəl baytarlıq xidmətlərinin yaradılmasından danışıb.

Ekspert bildirib ki, sovet dövründə Azərbaycanda yaxşı baytar mütəxəssislər var idi və bütün təsərrüfatlar bu mütəxəssislər ilə təmin olunmuşdu: "Zaman-zaman bu baytarlar təkmilləşdirmə kurslarına göndərilirdi. Amma 1990-cı illərin əvvəllərində bu istiqamətdə çətinliklərlə üzləşdik. Əvvəla baytarlıq preparatlarının bir çox digər sovet ölkələrdən Azərbaycana gətirilirdi. Digər tərəfdən, kolxozlar, sovxozlar dağıdıldı və bir çox baytarlar işsiz qaldı və bu iş pərakəndə şəkildə həyata keçirilməyə başladı. Və bu, xeyli dərəcədə heyvandarlıqda məhsuldarlığın azalmasına və heyvan xəstəliklərinin artmasına səbəb oldu. Amma sonralar bu məsələyə diqqət artırıldı və bu gün rayonlarımızın hamısında baytarlıq idarələri fəaliyyət göstərir. Məsələn, bir baytar bir neçə kəndə təhkim edilir və baytar xidmətləri göstərir".

Ekspert özəl baytarlıq xidmətlərinin həyata keçirilməsini müsbət qiymətləndirib: "Amma bu iş elə qurulmalıdır ki, fermerlər əlçatan qiymətlərlə bu xidmətlərdən yararlana bilsinlər və zəruri preparatları əldə edə bilsinlər. Təklif edirəm ki, ölkə baytarlarının bir birliyi olsun və bu birliyin olması bu sahənin inkişafına töhfə verə bilər. Çünki onlar təşkilatlanan zaman zəruri məsələləri qurumların qarşısında qaldıra bilirlər. Burada sertifikatlaşdırma sistemi olmalıdır və peşəkar baytarlar buraya cəlb edilməlidir. Subyektiv faktorlar çox rol oynamasa, bölgələrdə yaradılacaq özəl baytarlıq xidmətlərinin nəticələri müsbət ola bilər. Özəl baytarlar öz işlərini səmərəli qura bilsələr, bu, süni mayalanmadan tutmuş xəstəliklərin müalicəsinə qədər çox müsbət nəticələr verə bilər".

Heyvandarlığın inkişafı ilə bağlı Dövlət Proqramının layihəsi müzakirə olunub

"Baytarlıq sahəsində elmi-tədqiqat işləri, bu istiqamətdə maddi-texniki və kadr bazası daha da gücləndirilməlidir. Xüsusilə kiçik heyvandarlıq təsərrüfatlarına dəstək vermək lazımdır. Azərbaycan özəl baytarlıq xidmətlərinin yaradılması sahəsində Rusiyanın, Türkiyənin, Qazaxıstanın, Ukraynanın və digər ölkələrin təcrübəsini öyrənə və tətbiq edə bilər" – deyə ekspert bildirib.

Qeyd edək ki, fərmanda qeyd edilən əsas məsələlərdən biri baytarlıq xidmətləri sahəsində sağlam rəqabət yaradılmasını təmin etmək məqsədilə baytarlıq subyektlərinin peşəkarlığının artırılmasıdır. Bununla əlaqədar, baytarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquq şəxslərin peşəkarlılığının, bilik səviyyəsi və sayının artırılması ilə bağlı təkliflər müvafiq qurumlarla birgə hazırlanıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim ediləcək.

Kənd Təsərrüfatı Nazirliyi baytarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində onların qeydiyyatını və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin elektron qaydada izlənilməsini təmin edən Baytarlıq Xidmətləri Monitorinqi altsisteminin bir il müddətində formalaşdırılmasını təmin edəcək.