Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 16 may — Sputnik. Artıq dünəndən el şənliklərinin sentyabr ayınadək təxirə salındığı barədə məlumatlar dolaşır. Hətta sosial şəbəkələrdə də Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının bu barədə açıqlama verdiyi qeyd olunub.
TƏBİB-in mətbuat xidmətinin rəhbəti Rəvanə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının adından toyların sentyabr ayınadək qadağan olunması barədə yayılan məlumat əsassızdır: "Azərbaycanda toyların keçirilməsinə sentyabra kimi qadağa qoyulması barədə Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının adından yayılan bu məlumat yalandır. Ramin Bayramlı belə bir açıqlama verməyib".
Qeyd edək ki, dünən Nazirlər Kabineti yanında Operativ Qərargah yeni açıqlanan qaydalara toxunub. Belə ki, mayın 18-dən bir çox sahələrdə yumşalmalar olsa da, toy məclislərinin təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.