CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirin açıqlaması ilə məhv olan ümidlər: onda bəs Virtual Məktəb nəyə gərək idi?

“Düzdür, qiymətləndirmə 1-ci yarımilə əsasən aparılacaq. Amma şagirdlərin biliyinin qiymətləndirilməsində onların onlayn dərslərdə iştirakı da nəzərə alınmalıdır"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. Koronavirus pandemiyası ilə əlaqədar ümumtəhsil müəssisələrində dərslər dayandırılsa da,  dərs proqramı şagirdlərə onlayn formada tədris edilir. Buna baxmayaraq, bu il şagirdlərin qiymətləndirilməsi 1-ci rübə əsasən aparılacaq. Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi son brifinqdə bildirib ki, şagirdlərin illik qiymətləri birinci yarımilin qiymətləri əsasında çıxarılacaq. İllik qiymətlərindən narazı qalan şagirdlər üçün növbəti tədris ilinin başlanması ərəfəsində təhsil müəssisəsi tərəfindən təkrar qiymətləndirmə təşkil ediləcək: “Milli qiymətləndirmə tədqiqatları ilə yanaşı, təhsil alanların ilin sonuna olan bilik və bacarıqlarını ölçmək üçün müxtəlif qiymətləndirmə vasitələrinin hazırlanması nəzərdə tutulur. Qiymətləndirmənin keçirilməsində əsas məqsəd həm şagirdlərin özlərini qiymətləndirməsi, həm də ümumi vəziyyətin ölçülməsi ilə bağlı monitorinqlərin aparılmasıdır. Bu qiymətləndirmələrin “Virtual məktəb” platforması vasitəsilə aparılması planlaşdırılır. Bu qiymətləndirmələr də şagirdlərin yekun qiymətlərinə təsir etməyəcək”.

Tədrisdə ciddi problem yaranıb: Belə getsə, nə müəllim qazanacaq, nə nəticə olacaq

Nazirin də çıxışından belə məlum olur ki, dərslərin keçirilməsi onlayn formada davam etdirilsə də, şagirdlərin biliyi onlayn dərslərə görə qiymətləndirilməyəcək. Ən təzad doğuran məqam isə birinci yarımillikdə aşağı qiymət alan şagirdlərə ikinci yarımildə də eyni qiymətin verilməsidir. Halbuki, ekspertlər şagirdlərin birinci yarımildə əldə etdiyi biliklərlə ikinci yarımildəki mənimsəmə səviyyəsinin eyni olması fikri ilə razılaşmırlar.

Təhsil eksperti Kamran ƏsədovSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu yanaşma bu teledərslərin, onlayn təhsilin əhəmiyyətini heçə endirir: “Belə çıxır ki, teledərslər sadəcə şagirdlərin diqqətinin təhsildən yayınmamasına xidmət edir. Halbuki, bu gün teledərslərlə yanaşı, “Virtual məktəb” layihəsi də həyata keçirilir. Eyni zamanda müəllimlər “Zoom” proqramı, “Whatsapp” vasitəsilə dərsləri davam etdirirlər. Dərs proqramı 100 faiz olmasa da, şagirdlərə mənimsədilir. Ona görə də illik qiymətlərinin birinci yarımilin qiymətləri əsasında çıxarılması, eləcə də illik qiymətlərindən narazı qalan şagirdlər üçün növbəti tədris ilinin başlanması ərəfəsində təhsil müəssisəsi tərəfindən təkrar qiymətləndirmənin təşkil edilməsi qeyri-obyektivdir. Təhsil Nazirliyi tərəfindən təklif edilir ki, şagirdlər təhsil aldıqları sinifdən yuxarı sinfə tədris olunan bütün fənlərdən illik qiymətləri müsbət olduğu halda keçirilsin.

2019-2020-ci dərs ilinin I yarım ilində biliyi qiymətləndirilməyən və ya bəzi fənlərdən "2" qiymət alan şagirdlər üçün növbəti tədris ilinin başlanması ərəfəsində təhsil müəssisəsi tərəfindən təkrar qiymətləndirmə təşkil ediləcək. İkinci yarım ildə dərslər şagirdlərin iradəsindən asılı olmayaraq dayanıb. O zaman keçirilən teledərslərin, “Virtual məktəb”in əhəmiyyəti nədir?

Digər tərəfdən “2” qiymət alan şagirdə minimum ikinci yarım ildə “3” qiymət verilməlidir. Mövcud qaydalara görə də illik qiymət yarımillik qiymətlərin ədədi ortasına bərabər tutulur. Şagirdin yarımillik qiymətləri müxtəlif olduqda alınan rəqəmin vergüldən sonrakı hissəsi 5-dən kiçikdirsə, həmin hissə atılır, 5 və 5-dən böyükdürsə, tam hissəyə bir rəqəm artırılır. Mövcud qaydalara görə, 4 və daha artıq fəndən illik “qeyri-kafi” qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII və X (XI) sinif şagirdləri təkrar sinifdə saxlanılırlar. Amma indi şagird bir və ya iki fəndən “2” qiymət alıbsa, onu sinifdə saxlamaq həm haqsızlıq, həm də qanunsuzluqdur. 

Avropa cəsarətləndi: bizim müəllimlərə mane olan nədir?>>

Digər tərəfdən isə ibtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə şagirdlərin təkrar sinifdə saxlanmasına yol verilmir. Hesab edirəm ki, heç bir qiymət məhdiyyəti tətbiq edilmədən bütün şagirdlər növbəti sinifə keçirilməlidir”.

Təhsil eksperti Məlahət Mürşüdlü isə deyir ki, mütləq mənada şagirdlərin teledərslərdə iştirakı onların biliyi qiymətləndirilərkən nəzərə alınmalıdır: “Düzdür, qiymətləndirmə 1-ci yarımilə əsasən aparılacaq. Amma şagirdlərin biliyinin qiymətləndirilməsində onların onlayn dərslərdə iştirakı da nəzərə alınmalıdır. Ola bilər ki, hansısa şagird birinci yarımillikdə aşağı nəticə göstərib. Amma evdə qaldığı müddətdə teledərslərdə iştirak edib, “Virtual məktəb” layihəsinə qoşulub. Bu özü şagirdin inkişafının göstəricisi sayılır.

Mən hesab edirəm ki, şagirdlərin biliyinin qiymətləndirilməsində birinci yarımilin nəticəsi ilə yanaşı, bu məqamlar da nəzərə alınmalıdır. Onlayn dərslərə qoşulan şagirdlər müəyyən qədər həmin proqramları mənimsəyiblər. Bu gün şagirdlərin hər biri onlayn dərslərdə iştirak edə bilmədiyindən qiymətləndirməni ikinci yarımilin proqramına görə aparmaq mümkün deyil. Amma şagirlərin teledərslərdə, onlayn dərslərdə iştirakı mütləq qiymətləndirmədə nəzərə alınmalıdır”.

Qeyd edək ki, Azərbaycanda yayılan koronavirus səbəbindən martın 3-dən etibarən orta məktəblərdə tədris prosesi dayanıb. 4447 orta məktəbdə təhsil alan 1.6 milyon şagird üçün həm dərs, həm də qiymətləndirmə təxirə salınıb.