Seroz peritoniti: koronavirusun atipik forması aşkar edilib

Agentlikdə qarın boşluğu iltihabının virus infeksiyasına sistemli cavab olaraq baş verdiyini ehtimal edirlər.
Sputnik

BAKI, 14 may — Sputnik. Rusiyalı həkimlər koronavirus infeksiyası olan iki pasiyentdə xəstəliyin atipik formada baş verdiyini aşkar ediblər.

Sputnik Azərbaycan Rusiyanın Federal Tibbi-Bioloji Agentliyinə (FTBA) istinadən xəbər verir ki, müalicə zamanı hər iki xəstədə bədən hərarətinin artması və "kəskin qarın" simptomu müşahidə edilib.

Bu, təcili əməliyyat müdaxiləsinə səbəb olub. Diaqnostik laparoskopiya aparılıb və qarın boşluğunda maye aşkar edilib.

"İki pasiyentin müayinəsinin nəticələrinə əsasən, COVID-19-un yeni variantının seroz peritoniti kliniki təsviri ilə cərəyan etdiyini ehtimal etmək olar", — məlumatda bildirilir.

Agentlikdə qarın boşluğu iltihabının (peritonitin) virus infeksiyasına sistemli cavab olaraq baş verdiyini ehtimal edirlər.

Bu, ola bilər ki, patoloji dəyişikliklərə və seroz membranların aseptik iltihabına gətirib çıxarır.