CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın koronavirusla bağlı yardım etdiyi ölkələrin adı açıqlandı

18-31 may tarixlərində xaricdə olan azərbaycanlılar xüsusi çarter reysi ilə Azərbaycana gətiriləcəklər
Sputnik

 

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 may — Sputnik. MDB və Avropa İttifaqı ölkələrindən, habelə Avropada yerləşən ölkələrdən Azərbaycana çarter reysi həyata keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, 18-31 may tarixlərində xaricdə olan azərbaycanlılar xüsusi çarter reysi ilə Azərbaycana gətiriləcəklər: "Ölkədəki vətəndaşların və xaricdən gətirilən azərbaycanlıların sağlamlıqlarını təmin etmək üçün xaricdən gətirilənlər 4-5 ulduzlu otellərdə karantinə yerləşdirilirlər".

Hikmət Hacıyev vurğulayıb ki, ümumilikdə Azərbaycandan Çinə, İrana, İtaliyaya, Macarıstana, Özbəkistana, Bosniya və Herseqovinaya, Xorvatiyaya, Qırğızıstana, Pakistana, Moldovaya humanitar yardımlar edilib: "Hazırda Serbiyaya yardımın göndərilməsi istiqamətində iş görülür. Bundan əlavə, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə Azərbaycan tərəfindən yardım ayrılması nəzərdə tutulur.