ELM

Dünya okeanı ilə bağlı bədbin proqnoz

Arktika və Qrenlandiya buzlaqlarının əriməsi səbəbindən dünya okeanının səviyyəsi əhəmiyyətli dərəcədə artacaq. Bu prosesi istixana qazlarının buraxılmasını azaltmaqla yavaşlatmaq olar.
Sputnik

BAKI, 13 may — Sputnik. Sinqapurun Nanyan Texnologiya Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu 21-ci əsrdə dəniz səviyyəsinin əvvəllər düşünüldüyündən daha çox yüksələcəyini müəyyən ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, onların tədqiqatları "Climate and Atmospheric Science" jurnalında dərc olunub.

Tədqiqatçılar yüzdən çox aparıcı elmi nəşr müəllifindən dünya okeanının səviyyəsinin yüksəlməsini dəyərləndirməyi xahiş ediblər və bu mövzuda mindən çox məqaləni təhlil ediblər.

Ən pis və gözlənilən ssenariyə əsasən, əsrin sonuna qədər okeanın səviyyəsi 1,3 metrə, 200 ildən sonra isə 5,6 metrə qədər yüksələcək.

Alimlərin fikrincə, Arktika və Qrenlandiya buzlaqlarının əriməsi səbəbindən dünya okeanının səviyyəsi əhəmiyyətli dərəcədə artacaq. Bu prosesi istixana qazlarının buraxılmasını azaltmaqla yavaşlatmaq olar.

Bundan əvvəl Ümumdünya Meteorologiya Təşkilatında bildiriblər ki, 2020-2024-cü illərdə planetdə orta temperatur rekord həddə çata bilər.