ABŞ beş ölkəni ittiham edir: heç yardımçı olmayıblar

İran, Şimali Koreya, Suriya, Venesuela və Kuba ABŞ-la “tam mənada əməkdaşlıq etməyən” ölkələr  kimi dəyərləndirilirlər
Sputnik

BAKI, 13 may — Sputnik. ABŞ İran, Kuba, KXDR, Suriya və Venesuelanı terrorizmlə mübarizədə onunla əməkdaşlıq etmədiklərinə görə qınayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Ağ Evin çərşənbə günü yaydığı məlumatda deyilir.

“Dünən Dövlət Departamenti Konqresi məlumatlandırıb ki, silahların ixracına nəzarətə dair Qanuna münasibətdə və 2019-cu ildə terrorizmlə mübarizədə İran, Şimali Koreya, Suriya, Venesuela və Kuba ABŞ-la “tam mənada əməkdaşlıq etməyən” ölkələr  kimi dəyərləndirilirlər”, - məlumatda bildirilir.

Məlumatda o da qeyd olunur ki, adıçəkilən qanun bu cür təyinat altına düşən ölkələrə müdafiə məhsullarının və xidmətlərinin satışına və ya ixracına icazə verilməsini qadağan edir.

ABŞ Kubanı xüsusi olaraq Milli Azadlıq Ordusunun (MAO) nümayəndələrini 2017-ci ildə Kolumbiya hökumətinə təhvil verməkdən imtina etdiyinə görə ittiham edir. Bu həmin MAO-dur ki, Ağ Evin məlumatına görə, 2019-cu ildə Boqotada polis idarəsinin partlamasına görə məsuliyyəti boynuna götürüb. Həmin partlayışda 22 nəfər həyatını itirmişdi.

İranı ABŞ ənənəvi olaraq dünyada terrorizmin ən iri sponsoru adlandırır. Cənub qonşumuz “”Hizbullah” hərəkatının, Fələstindəki və Yaxın Şərqdəki digər terrorçu qrupların dəstəklənməsində” ittiham olunur.

“Hizbullah”ı dəstəkləyənlərin siyahısına ABŞ Suriyanın da adını yazıb.

KXDR isə 1970-ci ildə Yaponiyaya məxsus sərnişin təyyarəsini buraya qaçıran dörd Yaponiya vətəndaşını gizlətdiyinə görə “qara siyahı”ya düşüb.

Venesuela hökuməti isə  Kolumbiyanın İnqilabi Hərbi Qüvvələri ilə “narko-terrorizm işbirliyi”ndə günahlandırılır.