BAKI, 12 may — Sputnik. Koronavirusa yoluxmuşların yalnız 7-8 faizində güclü və davamlı immunitet formalaşır və ən davamlı immunitetə xəstəliyi ağır keçirmiş insanlarda rast gəlinir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə biologiya üzrə elmlər doktoru, Corc Meyson Universitetinin (George Mason University) Sistemli Biologiya Məktəbinin professoru Ança Baranova deyib.
"Xəstə olmuş insanlar var, onların temperatur və öskürəyi var idi, lakin onlarda koronavirusa qarşı anticisim yoxdur (təxminən 7-8 faiz belə xəstə var). Bu o deməkdir ki, onlar virusa cavab olaraq insan orqanizmində yaranan interferonların köməyi ilə infeksiyadan qurtulublar. Bu halda interferonlar özləri virusun öhdəsindən gəlib və anticisimlər yaranmayıb, buna görə də bu xəstələrin COVID-19-a immuniteti yoxdur", - Baranova bildirib.
Həmçinin koronavirusa yoluxmuş insanların 7-8 faizində xəstəliyə qarşı çox sayda anticisimlər və yaxşı immunitet yaranıb.
"Güclü immun cavabı olan super insanlar da var ki, onların anticisimlərindən digər insanların müalicəsi üçün istifadə etmək olar", - bioloq qeyd edib.
Onun sözlərinə görə, digər COVID-19 xəstələrinin 40 faizində koronavirusa qarşı immunitet olduqca zəifdir, bəzilərində isə anticisimlərin səviyyəsi, yəni immunitet bir ay ərzində əhəmiyyətli dərəcədə düşür.
Baranova bildirib ki, bu qrupdan olan insanlarda təkrar yoluxma riski yaranır.